Azərbaycan professional musiqi sənətinin banisi dahi bəstəkar, pedaqoq, musiqişünas Üzeyir Hacıbəylinin (1885-1948) dünyaya gəldiyi 18 sentyabr Prezident Heydər Əliyevin 1995-ci ildə imzaladığı fərmanla ölkəmizdə ənənəvi olaraq Milli Musiqi Günü (Üzeyir Musiqi Günü) kimi təntənə ilə qeyd edilir.

Təqvimimizin bu əlamətdar günündə böyük bəstəkarın adını daşıyan beynəlxalq musiqi festivalı başlanır, mədəniyyət ocaqlarımızda müxtəlif səpkili tədbirlər keçirilir.

Milli Musiqi Günü münasibətilə sentyabrın 18-i saat 15:00-da Beynəlxalq Muğam Mərkəzində (BMM) konsert proqramı təşkil ediləcək. Eyni zamanda həmin gün mərkəzdə “açıq qapı” elan ediləcək, konsertə giriş sərbəst olacaq.

Musiqi axşamında BMM-in solistləri, Əməkdar artistlər Səbuhi İbayev, Ehtiram Hüseynov, xanəndələr Hüseyn Məlikov, Ayşən Mehdiyeva, Vəfa Vəzirova və Günay İmamverdiyeva muğam və xalq mahnılarımızdan ibarət rəngarəng proqramla tamaşaçıların qarşısına çıxacaqlar.

Xanəndələri tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə solistlərdən ibarət ansambl müşayiət edəcək.