Azərbaycan aşıq sənətinə ağır itki üz verib. Şirvan aşıq mühitinin yetirməsi, ustad aşıq, Azərbaycan Aşıqlar Birliyi idarə heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi Abbas Musaxanoğlu 2023-cü il sentyabrın 13-də vəfat edib.

Abbas Musaxan oğlu Güləliyev 15 mart 1954-cü ildə indiki Qobustan rayonunun Şıxzərli kəndində dünyaya gəlib. Atası Musaxan dövrünün ustad aşıqlarından olub.

Abbas Musaxanoğlu kiçik yaşlarından aşıq sənətinə maraq göstərib, ilk sənət dərsini öz atasından alıb. O, sonra Şirvanın məşhur sənətkarı Aşıq Xanmusanın şəyirdi olub, sənətin sirlərini öyrənib.

Aşıq sənətinin bütün incəliklərinə dərindən bələd olmaqla yanaşı, muğam sənətinin də bilicisi olan A.Musaxanoğlu özünün gur və şaqraq səsi ilə seçilir, dastanlarımızın mahir bilənlərdən biri kimi tanınırdı. Uzun müddət Şıxzərli kənd Mədəniyyət evinin müdiri vəzifəsində çalışan ustad aşıq 2010 və 2014-cü illərdə keçirilən I və II Beynəlxalq Aşıq festivallarında iştirakına görə fəxri diploma layiq görülüb. Respublika miqyasında və Şirvan bölgəsində keçirilən bir çox mədəni-kütləvi tədbirlərdə uğurlu çıxışları ilə tamaşaçıların rəğbətini qazanıb. O, həmçinin Rusiya, Qazaxıstan, İran və s. ölkələrdə keçirilən beynəlxalq folklor festivallarında Azərbaycan aşıq sənətini layiqincə təmsil edib.

A.Musaxanoğlu Azərbaycan Aşıqlar Birliyi idarə heyətinin üzvü kimi də səmərəli fəaliyyət göstərib, aşıq sənətinin təbliğində, gənclərdə bu sənətə marağın artırılmasında böyük xidmətləri ilə fərqlənib.

Sənətkar dövlət başçısının sərəncamı ilə 2019-cu ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Ustad aşıq Abbas Musaxanoğlunun əziz xatirəsi ölkəmizin ozan-aşıq ictimaiyyətinin, sənət dostlarının, pərəstişkarlarının və bütün sənətsevərlərin qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin.

Azərbaycan Aşıqlar Birliyi