Sentyabrın 14-də Türkiyə Qəzetçilər Federasiyasının rəhbəri Yılmaz Karacanın başçılığı ilə respublikamıza səfərə gələn qardaş ölkənin media mənsublarından ibarət nümayəndə heyəti Azərbaycan Mətbuat Şurasında olub.

Qonaqları salamlayan MŞ sədri Rəşad Məcid qurumun Türkiyədəki media orqanları və təşkilatları ilə sıx əlaqələrindən söz açıb. Bu əlaqələrin Türk dünyası üçün nümunəvi xarakter daşıdığını vurğulayan R.Məcid əlavə edib ki, qarşılıqlı işbirliyinin güclənməsi ortaq həqiqətlərimizin dünyaya təbliği baxımından böyük əhəmiyyət daşıyır. MŞ sədri həmçinin Türkiyənin qabaqcıl media təcrübəsinin ölkəmizdə tətbiqinin də vacibliyini vurğulayıb.

Görüşdə Azərbaycan-Türkiyə media əməkdaşlığının hazırkı vəziyyəti, perspektiv hədəfləri barədə geniş fikir mübadiləsi aparılıb, mövcud sahədəki çatışmazlıqlara diqqət yetirilib, qazanılmış uğurların gələcək nailiyyətlər üçün baza olacağı bildirilib.