Xəbər verdiyimiz kimi, sentyabrın 13-də çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əliyev Taleh Saleh oğlu, Həsənov Elgün Elşad oğlu və Namazov Nihad Kamrəddin oğlu həlak olub.

Sentyabrın 14-də müddətdən artıq hərbi xidmət qulluqçusu Taleh Əliyevlə doğulduğu Zərdab rayonunun Gödəkqobu kəndində vida mərasimi keçirilib. Mərasimdə hərbçinin ailə üzvləri, Zərdab Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Taleh Əliyevin nəşi Dövlət Himninin sədaları altında kənd qəbiristanlığında torpağa tapşırılıb. T.Əliyev evli idi, iki qız övladı Vətənə əmanət qalıb.

***

Həmin gün hərbi qulluqçumuz Nihad Namazovla Tovuz rayonunun Qovlar şəhərində vida mərasimi olub. Mərasimdə hərbçinin dostları, sinif yoldaşları, ictimaiyyət nümayəndələri və hərbi qulluqçular iştirak ediblər.

N.Namazov Dövlət Himni səsləndirildikdən sonra Qovlar şəhər qəbiristanlığında dəfn olunub.

***

Hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan daha bir hərbçimiz Elgün Həsənov isə sentyabrın 14-də paytaxtın Xəzər rayonunun Binə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib. Hərbçinin dəfnində rayon rəhbərliyi, hərbi qulluqçular, ailə üzvləri və dostları iştirak ediblər.

Qeyd edək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bildirilib ki, qəza nəticəsində həyatını itirən hərbi qulluqçulara şəhid statusu veriləcək.

Allah rəhmət eləsin.