Azərbaycan

 

20 sentyabr 1918 – Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, respublika Dövlət mükafatı laureatı Mürsəl Nəcəfqulu oğlu Nəcəfov (1918–1997) anadan olub. Azərbaycan Rəssamlar İttifaqı İdarə heyətinin katibi işləyib.

20 sentyabr 1928 – Azərbaycan Xalq Maarif Komissarlığının qərarı ilə Bakı Uşaq Teatrı yaradılıb. Teatrın rus bölməsi 1928-ci il noyabrın 6-da, Azərbaycan bölməsi 1930-cu il yanvarın 30-da ilk tamaşalarını təqdim edib. 1936-cı il iyulun 18-dən etibarən Bakı Uşaq Teatrı Azərbaycan Xalq Maarif Komissarlığının əmri ilə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı adlandırılıb.

20 sentyabr 1993 – Kinorejissor, Azərbaycanın və SSRİ-nin Xalq artisti Əjdər Mütəllim oğlu İbrahimov (29.4.1919 – 1993) vəfat edib. Bakı kinostudiyasında, “Mosfilm”də filmlər çəkib.

 

21 sentyabr 1865 – Milli teatrımızın ilk peşəkar aktyorlarından biri, rejissor, teatr təşkilatçısı Cahangir Məşədi Rza oğlu Zeynalov (1865 – 22.10.1918) anadan olub. XX əsrin əvvəllərində “Nicat”, “Səfa” və “Nəşri-maarif” mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında aktyorluq edib, tamaşalara quruluş verib.

21 sentyabr 1922 – Azərbaycanda latın qrafikalı əlifba ilə ilk mətbu orqan – “Yeni yol” qəzeti nəşrə başlayıb.

21 sentyabr 1938 – Şairə, yazıçı Nurəngiz Gün (Quliyeva; 1938 – 20.12.2014) Bakıda doğulub. Azərbaycan Televiziyasının diktoru olub, Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. “Var olun, qızlar...” filmində çəkilib.

21 sentyabr 1947 – Əməkdar mədəniyyət işçisi Nizami Tahir oğlu Məmmədov (1947 – 16.9.2021) Naxçıvan şəhərində doğulub. Naxçıvan Dövlət Filarmoniyası estrada orkestrinin bədii rəhbəri və baş dirijoru olub.

21 sentyabr 1982 – Əməkdar artist Hacıməmməd Ələkbər oğlu Qafqazlı (Quliyev; 24.3.1898 –1982) vəfat edib. Akademik Dram Teatrında çalışıb. “Qızmar günəş altında”, “Yeddi oğul istərəm” və s. filmlərdə çəkilib.

 

22 sentyabr 1909 – İlk azərbaycanlı kinorejissorlardan Səməd Həşim oğlu  Mərdanov (1909 – 6.8.1939) anadan olub. 1939-cu ildə “Kəndlilər” bədii filmini çəkib. Tanınmış  aktyor Mustafa Mərdanovun qardaşıdır.

22 sentyabr 1924 – Əməkdar artist, kontrabas ifaçısı İlyas Hüseyn oğlu Hüseynov (1924–2017) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının professoru olub.

22 sentyabr 1929 – Publisist, ictimai xadim Əhməd bəy Qaraca (1929-2005) anadan olub. Türkiyədə M.Rəsulzadənin yaratdığı Azərbaycan Kültür Dərnəyinə 1955-ci ildən rəhbərlik edib, dərnəyin “Azərbaycan” jurnalının redaktoru olub.

22 sentyabr 1929 – Əməkdar elm xadimi, filosof Həsən İsmayıl oğlu Şirəliyev (1929 – 30.11.1997) anadan olub.

22 sentyabr 1938 – Əməkdar incəsənət xadimi, tarzən-pedaqoq Oqtay Süleyman oğlu Quliyev (1938 – 6.4.2021) Ağdamda doğulub. Azərbaycan Milli Konservatoriyası Xalq çalğı alətləri kafedrasının professoru olub.

22 sentyabr 1947 – Əməkdar mədəniyyət işçisi Atababa İsmayıl oğlu Hacıbabayev (1947 – 18.9.2022) anadan olub. Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri işləyib. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.

22 sentyabr 1964 – Məşhur xanəndə, Qarabağ muğam ifaçılığı məktəbinin görkəmli nümayəndəsi İslam Əbdül oğlu Abdullayev (1876-1964) vəfat edib. “Segah” muğamının təkrarsız ifaçısı (Segah İslam) kimi tanınıb.

22 sentyabr 2017 – IX Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin 50 illik yubileyi qeyd olunub.

 

Dünya

 

20 sentyabr 1878 – Amerika yazıçısı Epton Bill Sinkler (Upton Beall Sinclair; 1878-1968) anadan olub.

20 sentyabr 1899 – Yəhudi əsilli Almaniya-Amerika filosofu və kulturoloqu Leo Ştraus (Leo Strauss; 1899– 1973) anadan olub.

 

21 sentyabr 1866 – İngilis yazıçısı Herbert Uells (Herbert George Wells; 1866-1946) anadan olub. Elmi-fantastik əsərlərin müəllifidir: “Zaman maşını”, “Gözəgörünməz adam”, “Aləmlərin savaşı”, “Qarışqalar səltənəti” və s.

21 sentyabr 1911 – Rus-sovet aktyoru və müğənnisi Mark Bernes (1911-1969) anadan olub.

 

22 sentyabr 1694 – İngilis yazıçısı Filip Dormer Stenxop Çesterfild (Philip Dormer Stanhope Chesterfield; 1694-1773) anadan olub.

22 sentyabr 1875 – Rəssam, bəstəkar, professional Litva musiqisinin banisi Mikaloyus Çurlonis (Mikalojus Konstantinas Ciurlionis; 1875–1911) anadan olub.

22 sentyabr 1938 – Amerika aktyoru və müğənnisi Din Rid (Dean Cyril Reed; 1938–1986) anadan olub.

Hazırladı: V.Orxan