Azərbaycan Milli İncəsənət Muzeyi və Özbəkistan Dövlət İncəsənət Muzeyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sentyabrın 15-də Özbəkistan Dövlət İncəsənət Muzeyində imzalanan sənəd iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə vermək məqsədi daşıyır.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev və Özbəkistan Dövlət İncəsənət Muzeyinin direktoru Vasila Fayziyeva tərəfindən imzalanan memorandum 5 il müddətinə nəzərdə tutulub.

Memorandum iki nüfuzlu muzey arasında elmi tədqiqat və bərpa-konservasiya işlərinin aparılması, muzey işi ilə bağlı konfransların, seminarların, treninqlərin keçirilməsi, birgə sərgilərin təşkili, elektron kataloqların yaradılması və s. istiqamətlərdə təcrübə mübadiləsi və əməkdaşlıq məsələlərini əhatə edir.

Xatırladaq ki, sentyabrın 14-də Özbəkistan Rəssamlıq Akademiyasının “Akademiya” qalereyasında tanınmış rəssam, Əməkdar incəsənət xadimi, Özbəkistan Rəssamlıq Akademiyasının fəxri xarici üzvü Çingiz Fərzəliyevin “Sevinc piyaləsi” adlı rəsm sərgisi açılıb. Sərgi Azərbaycan Mədəniyyət Nazirliyinin, Milli İncəsənət Muzeyinin və Özbəkistan Rəssamlıq Akademiyasının birgə təşəbbüsü, Azərbaycan Rəssamlar İttifaqının və Dövlət Rəssamlıq Akademiyasının tərəfdaşlığı ilə təşkil olunub. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş sərgidə rəssamın ilk yaradıcılıq dövründən günümüzədək ərsəyə gətirdiyi əsərlərdən 40-dək nümunə nümayiş olunur.