Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən UNESCO-nun Dünya İrs Komitəsinin 45-ci sessiyası çərçivəsində Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Mədəni Mülkiyyətin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) rəhbərliyi ilə görüşüb.

ICCROM-un böyük direktoru (senior director) Cozef Kinq (Joseph King) Azərbaycana səfərlərini məmnunluqla xatırlayaraq ölkəmizin mədəni irsi ilə bağlı təəssüratlarını bölüşüb, yeni əməkdaşlıq imkanlarından söz açıb.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova səmimi sözlərə görə təşəkkürünü bildirərək Azərbaycan üçün mədəni irsin qorunmasının əhəmiyyətindən danışıb, restavrasiya və konservasiya ekspertlərinin hazırlanması istiqamətində təşkilatın institusional dəstək mexanizmləri ilə maraqlanıb.

Görüşdə ölkəmizlə ICCROM arasında əməkdaşlığın inkişaf etdirilməsi, mədəni irs nümunələrinin qorunması və bərpası sahəsində təcrübə mübadiləsi, bu məqsədlə təlim və seminarların birgə təşkili ilə bağlı məsələlər müzakirə olunub.