Xəbər verildiyi kimi, UNESCO-nun Dünya İrs Komitəsinin Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən (10-25 sentyabr) 45-ci sessiyasında ölkəmizlə bağlı iki mühüm qərar qəbul olunub.

Sentyabrın 17-də Azərbaycanın təbiət irsi ərazisi olan Hirkan meşələri UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

Hirkan meşələri Azərbaycanla qonşu İran tərəfindən birgə nominasiya kimi UNESCO komitəsinə təqdim edilib və transsərhəd nominasiyası 2021-ci ildə Dünya İrs Komitəsində baxılmaq üçün qeydə alınıb.

Nominasiya faylı ilə bağlı Dünya İrs Komitəsinin saytındakı məlumatda qeyd edildiyi kimi, Hirkan meşələri Xəzər dənizinin cənub-qərb və cənub sahillərini əhatə edən unikal meşə massividir və planetimizdə öz unikallığını qoruyub saxlayan nadir ekosistemlərdən biridir. Onlar Xəzər dənizi boyu uzanan eyni meşə qövsünə aiddir.

Tarixi milyon illərlə ölçülən unikal meşə massivi Azərbaycan Respublikasında Lənkəran və Astara rayonları ərazisində (Hirkan Milli Parkı), İran İslam Respublikasında Gülüstan, Mazandaran,  Gilan vilayətlərində, həmçinin Şərqi Azərbaycan əyalətində yerləşir. Məlumata görə, meşə massivinin ümumi sahəsi 31 710 hektar, bufer zonaları 117 357 hektar təşkil edir. Faunasına bəbir, canavar və qonur ayı yırtıcı heyvanların da daxil olduğu ekosistem çoxlu sayda nadir, yaşı 400-500 ilə çatan ağac növlərini əhatə edir.

Hirkan meşələri Azərbaycanın Dünya İrs Siyahısına daxil edilən ilk təbiət irsi abidəsidir. Bunadək Azərbaycandan sözügedən siyahıya üç mədəni irs ərazisi (İçərişəhər, Qobustan, Şəkinin tarixi mərkəzi) salınmışdı.

Sentyabrın 18-də isə siyahıdakı mədəni irs məkanlarımızın sayı da artıb. Azərbaycanın “Xınalıq və Köç yolu mədəni landşaftı” nominasiyası UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib.

Dövlət Turizm Agentliyi tərəfindən hazırlanan nominasiyaya əsasən “Xınalıq və Köç yolu mədəni landşaftı” ərazisi Quba rayonunun Xınalıq kəndi də daxil olmaqla, yerli əhalinin istifadə etdiyi ətraf yaylaq (Quba və Qusar) və Mərkəzi Aran bölgəsinə düşən qışlaq ərazilərini (Abşeron və Hacıqabul), həmçinin onların arasında uzunluğu 200 km-dən çox olan tarixi Köç yolunu (Quba-Şamaxı-Qobustan) əhatə edir.

2021-ci ildə UNESCO-ya təqdim edilən sənədin əsasını Xınalığın köçəri mədəniyyəti təşkil edir. “Xınalıq və Köç yolu mədəni landşaftı” 6 inzibati rayonun ərazisindən keçən ümumilikdə 44829,41 hektar irs ərazisindən və 109392,78 hektar bufer zonadan ibarətdir. Ərazidə köçərilərə aid qədim tarixi qəbiristanlıqlar, inanc yerləri, tarixi körpülər, bulaqlar kimi maddi mədəniyyət nümunələri var.

Qeyd edək ki, Azərbaycanın mədəni irsi üçün əhəmiyyəti nəzərə alınaraq köç yolunun yerləşdiyi ərazinin qorunması və burada turizmin inkişaf etdirilməsi məqsədilə 4 sentyabr 2023-cü il tarixində ölkə başçısının sərəncamı ilə “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu yaradılıb. Sərəncamla 2007-ci ildə yaradılmış “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunun ərazisi və Qusar, Quba, Şamaxı, Qobustan, Abşeron və Hacıqabul rayonlarından keçən tarixi köç yolunun ərazisi “Xınalıq və Köç Yolu” Dövlət Tarix-Mədəniyyət və Etnoqrafiya Qoruğu elan edilib.