Azərbaycan Milli Kitabxanasının 100 illiyi münasibətilə Bakıda beynəlxalq elmi-praktik konfrans keçirilir

 

Sentyabrın 20-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının 100 illiyi münasibətilə “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğurunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Azərbaycan Milli Kitabxanası haqqında qısa sənədli film nümayiş olunub.

Milli Kitabxananın direktoru Kərim Tahirov beynəlxalq elmi-praktik konfransın plenar iclasını açıq elan edib.

Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi münasibətilə kitabxananın əməkdaşlarına təbriklərini çatdırıb. Kitabxanaların dünya mədəniyyətinin təbliğində böyük rol oynadığını söyləyən nazir qeyd edib: “Ötən əsrin 90-cı illərinin sonlarında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu siyasət öz nəticələrini verməyə başlamış, həmçinin mədəniyyət sahəsinə diqqət və qayğısının nəticəsi olaraq Milli Kitabxananın fəaliyyətində nəzərəçarpacaq irəliləyişlər özünü göstərmişdir. Bu gün Milli Kitabxana xalqımızın Ümummilli Lideri Heydər Əliyevin mədəniyyət siyasətini böyük uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində özünün çiçəklənmə dövrünü yaşayır və günü-gündən inkişaf edərək, dünyanın ən modern kitabxanalarının sırasına daxil olmuşdur”, - deyə A.Kərimli qeyd edib.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Kitabxananın 100 illik yubileyi münasibətilə əməkdaşları təbrik edib, təşkil olunmuş bu konfransda iştirakdan məmnun olduğunu diqqətə çatdırıb. O, kitabxana işçilərini mədəniyyətimizin qoruyucuları adlandırıb, ölkəmizdə kitaba, kitabxanaya verilən xüsusi dəyərdən danışıb. Natiq Azərbaycanda kitabxana ənənələrinin qədimliyindən bəhs edərək, eyni zamanda, Abbasqulu Ağa Bakıxanovun şəxsi kitabxanasının Sankt-Peterburq kitabxanasında qorunduğunu da vurğulayıb.

Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim Duda əməkdaşları bu əlamətdar yubiley münasibətilə təbrik edib, kitabxananın direktoru Kərim Tahirovun peşəkarlığının həmkarları üçün böyük motivasiya olduğunu qeyd edib.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov ölkəmizdə kitabxanalara milli şərəfimiz kimi baxıldığını söyləyib, kitabxanaları tarixi coğrafiya adlandıraraq, Milli Kitabxananın xalqımızın intellektinin formalaşmasındakı rolundan danışıb, kitabxananın biblioqrafiyalaşdırma sahəsindəki, milli biblioqrafik repertuarımızın yaradılmasındakı əhəmiyyətini vurğulayıb.

Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva Azərbaycan Milli Kitabxanasının 100 illiyinin qeyd edilməsinin təkcə kitabxanaçılar üçün deyil, həmçinin bütün oxucu nəsli üçün də əlamətdar olduğunu bildirib.

Roma Mərkəzi Milli Kitabxanasının direktoru Stefano Campagnolo konfransda iştirak üçün dəvətə görə minnətdarlığını bildirib, kitabxanaları məbədgah adlandırıb.

Konfrans plenar iclaslarla davam edib.

Konfransda Azərbaycan Milli Kitabxanasının direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova “Azərbaycan Milli Kitabxanası Azərbaycan xalqının mənəvi yaddaşının qoruyucusudur”, Rusiya Dövlət Kitabxanasının baş direktoru Vadim Duda “Kitabxanaların fəaliyyətinin strateji istiqamətləri”, Roma Milli Mərkəzi Kitabxanasının direktoru Stefano Campagnolo “Yeni üfüq. Milli kitabxanaların gələcəyi necədir?”, Qətər Milli Kitabxanasının direktoru Tan Huism “Toplayın, qoruyun və məşğul olun: Qətər Milli Kitabxanasının təcrübələri”, Martynas Majvydas adına Litva Milli Kitabxanasının direktoru Renaldas Gudauskas “Litva Milli Kitabxanası yaradıcı prosesdə”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Mayıl Əhmədov “Cəmiyyətin informasiya təminatında milli kitabxanaların rolu”, M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının baş direktoru Pavel Leonidoviç Kuzmin “Kitabxana mədəniyyətlərarası dialoqun mərkəzi kimi” mövzularda çıxışlar ediblər.

Daha sonra Azərbaycan Milli Kitabxanası ilə Pakistan, Rusiya, Litva Milli Kitabxanaları, Roma Mərkəzi Milli Kitabxanası və Makedoniyanın Kliment Ohrid Universitet və Milli Kitabxanası (Skopye) arasında qarşılıqlı əməkdaşlığa dair memorandumların imzalanma mərasimi keçirilib.

Həmçinin Milli Kitabxananın tarixinə aid “Milli Kitabxananın qızıl fondundan”, “Milli musiqi xəzinəmizdən” və “Milli Kitabxananın nəşrləri” adlı kitab sərgiləri də təşkil edilib.

Qonaqlar yubiley münasibətilə hədiyyələrini Milli Kitabxanaya təqdim ediblər.

Qeyd edək ki, konfrans işini sentyabrın 21-dək davam etdirəcək.