Xəbər verdiyimi kimi, ölkəmizdə böyük təntənə ilə qeyd olunan 18 sentyabr – Milli Musiqi Günü münasibətilə bir sıra ölkələrin radio efirlərində, internet saytlarında dahi bəstəkar Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında məlumat verilib, musiqiləri səsləndirilib. Verilişlərdə həmçinin Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bu il 15-ci dəfə keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı haqqında da söz açılıb.

Ölkəmizin İndoneziyadakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin bir sıra radiodalğalarında Azərbaycanın peşəkar musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib.

Səfirlikdən bildiriblər ki, sentyabrın 18-20-də İndoneziyanın 5 nüfuzlu radiodalğasında (“Voice of İndonesia” “Aditya”, “As shidiq”, “Akom”, “Nagaswara”) dahi bəstəkarın həyat və yaradıcılığı barədə İndoneziya dilində verilişlər yayımlanıb. Verilişlərdə tanınmış bəstəkarın müəllifi olduğu bir çox məşhur əsərləri (“Arazbarı”, “Cəngi”, “Sənsiz” və s.) yerli auditoriya üçün səsləndirilib.

“Voice of İndonesia” radiosu eyni zamanda videoformatda yayımlandığından, Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının fraqmentləri Azərbaycanın Xalq artisti Murad Adıgözəlzadənin ifasında nümayiş etdirilib.