Audiodiskin təqdimatı olub

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Aşıqlar Birliyi (AAB) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi layihə üzrə “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlı audiodisk hazırlayıb. Sentyabrın 19-da AAB-də audiodiskin təqdimatı olub.

Birliyin sədri Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı giriş sözündə layihənin əhəmiyyətindən danışıb.

Layihənin koordinatoru, AAB-nin katibi Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, layihə çərçivəsində aşıqların 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Qələbəni tərənnüm edən ifalarından ibarət audiodisk hazırlanıb. Diskdə müxtəlif aşıq havalarından ibarət 20 ifa yer alıb.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Nilufər Əhmədova, Əməkdar jurnalist Faiq Qismətoğlu, Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva layihəni təqdir edərək bu istiqamətdə işlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Sonra söz aşıqlara verilib. İfaları audiodiskdə yer almış Nəbi Nağyev, Roman Azaflı, Ruhiyyə Zəngilanlı, İmran Xəlilov, Ədalət Alməmmədov və Kərəm Təbrizoğlunun, eləcə də “Çeşmə” və “Misri” folklor qruplarının ifalarında Vətəni, ordumuzu və qələbəmizi tərənnüm edən aşıq havaları alqışlarla qarşılanıb.