Mədəniyyət paytaxtımıza həsr edilən əsərlərin kataloqu nəşr olunacaq

 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un ənənəvi layihələrindən olan “Rəssamlar görüşü”nün sayca 23-cüsü bu il “Şuşa 2023 – Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində ölkəmizdə keçirilib.

10-20 sentyabr tarixlərini əhatə edən görüşə Türk dünyasının 6 ölkəsindən – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandan 12 tanınmış rəssam qatılıb. Rəssamlar bir neçə gün ərzində mədəniyyət və sənət  beşiyimiz Şuşada əsərlərini ərsəyə gətiriblər. Layihədə ölkəmizi Xalq rəssamları Arif Əziz və Sakit Məmmədov təmsil edib.

Sentyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında TÜRKSOY-un XXIII “Rəssamlar görüşü”nə həsr edilən tədbir keçirilib.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov layihənin əhəmiyyəti barədə danışıb, iştirakçılara yeni sənət uğurları arzulayıb.

Sonra nazir müavinləri Fərid Cəfərov və Murad Hüseynov TÜRKSOY-un təşəkkürnamələrini rəssamlara təqdim ediblər.

Layihə çərçivəsində ərsəyə gətirilən əsərlərin gələn ay Bakıda TÜRKSOY-un  30 illik yubileyinə həsr edilən təntənəli tədbirdə nümayişi nəzərdə tutulur.

Xatırladaq ki, TÜRKSOY-un ötənilki “Rəssamlar görüşü”nə Türkiyənin Safranbolu şəhəri (Karabük vilayəti) ev sahibliyi etmişdi.

Onu da qeyd edək ki, TÜRKSOY-un himayəsi ilə Türk dünyası rəssamlarının görüşləri bu ildən tematik silsilələr formatında da davam etdirilir. Bu yaxınlarda belə bir görüş Macarıstanda gerçəkləşib. TÜRKSOY-un və Macarıstanın Lakitelek Fondunun təşkilatçılığı ilə keçirilən sənət toplantısı ünlü macar şairi Şandor Petöfinin 200 illik yubileyinə həsr olunub.

***

Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı layihə barədə qəzetimizə bildirdi ki, “Şuşa 2023 – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində təşkilat bir sıra layihələr həyata keçirir. “Rəssamlar görüşü” də TÜRKSOY-un mədəniyyət layihələri sırasında mühüm yer tutur: “Hər il təşkil edilən bu görüş çərçivəsində Türk dünyasının fırça ustaları bir araya gəlir, rəssamlar arasında yeni körpülərin, sənət mübadiləsinin təməli atılır. 23-cü dəfə təşkil edilən bu tədbirə altı türk respublikasının hərəsindən 2 rəssam dəvət edilib. Onlar 10 sentyabrdan Azərbaycanda idilər və hər bir rəssam Şuşanı özünəməxsusluğu ilə kətana köçürmək imkanı qazandı. Şəhərin əsrarəngiz təbiəti, tarixi abidələri, xarıbülbül gülü, söz-sənət adamları və digər mövzuları qeyd edə bilərik. Yeni dirçələn Şuşa da bu əsərlərdə rənglərin dili ilə vəsf olunub. Hər bir rəssam sənət düşərgəsi müddətində üç əsər ərsəyə gətirib...”.

E.Qafarlı dedi ki, oktyabr ayında Heydər Əliyev Mərkəzində TÜRKSOY-un 30 illiyinə həsr edilən təntənəli tədbir keçiriləcək. Həmin tədbirdə bu əsərlər də sərgilənəcək. Rəsmlər nümayiş olunduqdan sonra kataloq şəklində nəşr edilərək türk respublikalarına paylanılacaq.

Lalə Azəri