Xəbər verdiyimiz kimi, sentyabrın 19-da yeni inşa edilən Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonu ərazisindən keçən 58-ci kilometrliyində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərdəki qanunsuz erməni silahlı birləşmələrinin təxribat qrupu tərəfindən törədilən mina terroru nəticəsində Daxili İşlər Nazirliyinin dörd əməkdaşı həlak olub. Şəhid polıslər sentyabrın 20-də dəfn ediliblər.

Polis serjantı Xəzər Zamanovun nəşi Bakıda yaşadığı evə gətirilib. Vida mərasimində sonra şəhid Günəşli qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub. Mərasimdə şəhidin ailəsi və yaxınları, rəsmilər, rayon sakinləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Polis əməkdaşları Asim Camalzadə və Ramil Şirinov Sumqayıtdakı Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimlərində Daxili İşlər Nazirliyinin əməkdaşları, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ramil Şirinovun tabutuna bükülmüş bayrağımız dayısına, Asim Camalzadənin tabutuna bükülmüş bayrağımız isə onun atasına təqdim olunub.

Polis serjantı Seymur Mahmudovla Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində vida mərasimi keçirilib. Mərhum Binəqədi qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun yaxınları, rəsmi qurumların təmsilçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***

Sentyabrın 19-da Füzuli rayonunda ağır yol-nəqliyyat hadisəsində həlak olan polis əməkdaşlarının da dəfn mərasimləri keçirilib. Polis serjantı Ələsgər Əsgərov Naxçıvan şəhərinin Əliabad qəsəbə qəbiristanlığında dəfn olunub. Mərasimdə Naxçıvan MR Daxili İşlər Nazirliyinin əməkdaşları, rəsmilər, polisin ailə üzvləri və yaxınları iştirak ediblər. Ələsgər Əsgərovun nəşi yaylım atəşi və himnimizin sədaları altında torpağa tapşırılıb.

Polis əməkdaşı Rasim Məmmədovun nəşi Bakıda yaşadığı ünvana gətirilib. Onunla Xətai rayonu Cavanşir küçəsində yerləşən evində vida mərasimi keçirilib. Xəzər rayonu Şüvəlan kənd qəbiristanlığında dəfn olunub.

Seyfi Abdullayevin nəşi Şamaxı şəhərinə gətirilib. Şamaxı şəhər Cümə məscidində böyük izdihamla cənazə namazı qılındıqdan sonra mərhum rayonun Qaleybuğurd kənd qəbiristanlığında torpağa tapşırılıb. S.Abdullayevin sentyabrın 22-də, doğum günündə nişan mərasimi keçiriləcəkdi...

Allah bütün şəhidlərimizə rəhmət eləsin.