Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 5-12 sentyabr tarixlərində keçirilmiş uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub.

Müsahibə mərhələsində iştirak etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən elan olunan vakant vəzifələrə qeydiyyatdan keçən 488 namizəddən 456-sı imtahanda iştirak edib. Onlardan 246 nəfər tələb olunan keçid balını toplayıb, 147 nəfərin uyğun hesab edildikləri vəzifələrə təyinatları ilə bağlı qərar qəbul olunub. 99 nəfər isə ehtiyat kadrlar siyahısına daxil edilib.

Müsabiqənin müsahibə mərhələsinin nəticəsindən narazı olan namizədlər şikayətlərinə baxılması məqsədilə 25 sentyabr 2023-cü il saat 17:00-dək apellyasiya@culture.gov.az elektron poçt ünvanı vasitəsilə nazirliyin Apellyasiya Şurasına müraciət edə bilərlər.

Müsahibənin nəticələri barədə daha ətraflı https://bit.ly/46ng9Ft linki vasitəsilə tanış olmaq mümkündür.

Qeyd edək ki, uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər iddia etdikləri müvafiq vəzifələrə təyin olunmaları məqsədilə 30 sentyabr 2023-cü il tarixinədək uyğun hesab edildikləri məktəblərə yaxınlaşaraq qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək namizədin müvafiq vəzifəyə yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.