Bu il Bakıda təşkilatın regional ofisinin açılması nəzərdə tutulur

 

Qətər Dövlətinin paytaxtı Doha şəhərində 25-26 sentyabr tarixlərində İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransı keçirilib.

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli sentyabrın 26-da konfransda çıxış edib.

Nazir konfransa yüksək səviyyədə ev sahibliyi etdiyinə və qonaqpərvərliyə görə Qətər Dövləti Hökumətinə və ICESCO rəhbərliyinə, bu ölkənin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Taniyə təşəkkürünü bildirib. Qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın bu təşkilatla əməkdaşlığına xüsusi önəm verir. Eyni zamanda  ölkəmizin ICESCO ilə əməkdaşlığı Birinci vitse-prezident, ICESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın yaxından dəstəyi ilə daha da möhkəmlənir və genişlənir: “Əlaqələrimizin möhkəmləndirilməsində təşkilatın baş direktoru Salim bin Məhəmməd əl-Malikin də səyləri təqdirəlayiqdir. Beynəlxalq əməkdaşlıq çərçivəsində Bakıda bu il ICESCO-nun Regional ofisi açılacaq və bu da ICESCO ilə münasibətlərin, bütünlükdə təşkilatın gündəliyinin bölgədə təqdim edilməsi baxımından çox vacib bir addımdır”.

Adil Kərimli Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” təşəbbüsünə ICESCO-nun verdiyi davamlı dəstəyin ölkəmizdə yüksək qiymətləndirildiyini bildirib. Qeyd olunub ki, təşkilat 2011-ci ildən ölkəmizdə keçirilən Dünya Mədəniyyətlərarası Dialoq forumlarında yüksək səviyyədə təmsil olunur. ICESCO-nun 2024-cü ildə ölkəmizdə keçiriləcək növbəti forumda da iştirakının əhəmiyyətli olacağı diqqətə çatdırılıb.

Azərbaycanın tarixi-mədəni zənginlikləri və İslam irsi barədə məlumat verən Adil Kərimli qeyd edib ki, ölkəmizdə İslam mədəniyyəti təkcə qədim dini tikililərdə, onun memarlığında deyil, həm də qeyri-maddi irs və adət-ənənələrimizdə, xalq yaradıcılığında, ədəbiyyat, musiqi, rəqs, xalçaçılıq, tətbiqi sənət, kino və s. sahələrdə özünü göstərir.

Daha sonra çıxışda Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 30 illik işğalı zamanı buradakı tarixi-mədəni irsin tamamilə dağıdıldığı, mədəni və dini irsin yer üzündən silindiyi, yaxud mənimsəməyə məruz qaldığı diqqətə çatdırılıb. Bölgədə mindən artıq tarixi abidə, o cümlədən 60-dan çox məscidin yerlə yeksan edildiyi vurğulanıb.

Münaqişənin başa çatmasına baxmayaraq, Ermənistan hərbi birləşmələrinin qalıqları Azərbaycan ərazilərində təhlükəsizliyə və sülhə təhdid yaradırdı. Belə ki, 2020-ci ilin noyabr ayından Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində Ermənistan hərbi birləşmələrinin yerləşdirdiyi minalar nəticəsində əksəriyyəti mülki şəxslər, o cümlədən jurnalistlər də olmaqla 300-dən çox azərbaycanlı həlak olub və yaralanıb. Buna görə də Azərbaycan ötən həftə lokal antiterror tədbirlərinə başlamaq qərarına gəlib və 24 saat ərzində qanunsuz qüvvələrin təslim olmasına və tərk-silah edilməsinə nail olub. Artıq Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin reinteqrasiya prosesinə başlanılıb. Bu çərçivədə Azərbaycan Hökuməti yerli sakinlərə lazımi humanitar yardım göstərir, təhlükəsiz və dinc reinteqrasiya prosesini təmin etmək üçün lazım olan bütün tədbirləri həyata keçirir.

Sonda nazir Şuşanın 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar qonaqları Şuşa ilə bağlı videomateriala baxmağa dəvət edib. Şuşa şəhərinin mötəbər tribunadan videotəqdimatı iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.