Sentyabrın 26-da Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək canlarından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün” adlı layihə çərçivəsində “Tarixin izi ilə” adlı növbəti tədbir-sərgi keçirilib.

Tədbirdə İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli, şəhid kapitan Kamil Şirinovun atası Əliş Şirinov, şəhid kapitanlar Fərid Dursunovun həyat yoldaşı Məryəm Dursunova, Samir Mikayıllının atası Sabir Mikayıllı, şəhid baş leytenant İlqar Vəliyevin oğlu Vəli Vəlizadə, şəhid əsgər Əfqan Nəsirovun anası Kəmalə Nəsirova və başqaları çıxış ediblər.

Bildirilib ki, Azərbaycan xalqı Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin davamçısı Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək 30 illik Vətən həsrətinə son qoyub.

Qeyd edilib ki, Azərbaycan dövləti tərəfindən Vətən torpaqlarının işğaldan azad olunmasında xidmətlər göstərmiş qəhrəmanlarımıza və onların ailə üzvlərinə daim diqqət və qayğı göstərilir.

Sonra iştirakçılar oktyabrın 3-dək davam edəcək sərgi ilə tanış olublar.