Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Vətən müharibəsi şəhidlərinin Anım Günü münasibətilə tədbir təşkil olunub.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Zəfər tariximizdən, torpaqlarımızın azad edilməsində misilsiz igidlik, vətənpərvərlik nümayiş etdirən Vətən müharibəsi qəhrəmanlarının göstərdikləri şücaət və fədakarlıqdan söhbət açılıb.

Tədbirdə kitabxanada hazırlanan silsilə materiallar – “44 günlük İkinci Qarabağ müharibəsi” adlı biblioqrafik göstərici, “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı videomaterial və kitab sərgisi nümayiş olunub.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan “Şəhidlər ölməz, Vətən bölünməz!” videomaterialda 44 günlük Vətən müharibəsi hadisələrinin xronikası, döyüş meydanında, informasiya məkanında aparılan mübarizə haqqında məlumatlar təqdim edilir. Materialda müharibə dövründə Prezident, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri, Vətən müharibəsi qəhrəmanlarının, azad edilmiş əzəli Azərbaycan torpaqlarında bayrağımızın sancılması, “Böyük Qayıdış”ın, yenidənqurma işlərinin foto və videogörüntüləri əksini tapıb.

“44 günlük İkinci Qarabağ müharibəsi” adlı biblioqrafik göstəricidə Azərbaycan tarixinin ən parlaq və şanlı səhifəsi olan 44 günlük Vətən müharibəsi haqqında 2020-ci ildən bu günə qədər yazılan 56 adda (42 Azərbaycan, 6 türk, 5 rus, 3 ingilis dilində) elmi, siyasi, tarixi, publisistik, bədii kitabların şəkilləri və annotasiyalı biblioqrafik təsvirləri, rəsmi sənədlər, dövri mətbuatda çıxan məqalələrin təsvirləri, Vətən müharibəsinə dair şeirlər toplanıb.