Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə Vikipediyanın özbək dili seqmentində 27 sentyabr – Anım Günü haqqında “Xotira kuni (Ozarbayjon)” adlı bölmə istifadəyə verilib.

AMM-in Vikipediya heyəti tərəfindən yaradılmış bölmədə Anım Günü haqqında ətraflı məlumat diqqətə çatdırılır. Məlumatda bu günün Azərbaycanda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması məqsədilə Prezident İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı sərəncamla qeyd olunduğu vurğulanır.

Ümumilikdə 6 bölmədən və zəngin istinad siyahısından, keçidlərdən ibarət vikiməqalədə Anım Gününün mahiyyəti, Azərbaycanın tarixindəki əhəmiyyətindən söz açılır.

Bölmədə eyni zamanda Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində 44 gün ərzində tarixi ərazilərimizi işğaldan azad edərək şanlı Qələbə qazanması da qeyd olunur.