Misirin paytaxtı Qahirə şəhərinin ən qədim abidələrindən olan Səlahəddin Eyyubi qalasında Osmanlı dövrünə aid Süleyman paşa məscidinin əsaslı təmirdən sonra açılışı keçirilib.

Açılış mərasimində çıxış edən Misirin turizm və qədim abidələr naziri Əhməd İssa Osmanlı abidələrinin bu ölkənin tarixinin mühüm bir hissəsi olduğunu, hökumətin onların bərpası istiqamətində səylərini davam etdirəcəyini bildirib. O əlavə edib ki, Süleyman paşa məscidində Misirin Qədim Abidələr Ali Şurasının memarları tərəfindən aparılan bərpa işləri beş il davam edib və bu məqsədlə büdcədən 5 milyon Misir funtu ayrılıb.

Osmanlı imperiyasının Misir valisi Süleyman paşa əl-Xədim tərəfindən 1528-ci ildə tikilən bu məscid osmanlıların ən yüksək qoşun hissəsi olan və 1517-ci ildə Qahirəni fəth edən yeniçərilərin ibadəti üçün nəzərdə tutulub. Bu ibadət məkanı İstanbulda Memar Sinanın inşa etdirdiyi məscidlərin memarlıq üslubunda tikilib.

Qahirədəki Osmanlı məscidləri türklərin memarlıq üslubuna uyğun olaraq qübbələr, nazik minarələr və keramik naxışlarla fərqlənir. Burada “Quran” qiraəti otağı, ibadət zalı, Osmanlı memarlıq üslubuna xas olan dörd günbəzli portiklər var.