Prezident İlham Əliyev sentyabrın 28-də görkəmli tarixçi və şərqşünas-alim, tanınmış ictimai xadim, Dövlət mükafatı laureatı, Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadovun (1923-1997) 100 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, akademik Ziya Bünyadov zəngin elmi yaradıcılıq yolu keçib, respublikamızda şərqşünaslıq və tarix elmlərinin yeni mərhələyə yüksəlməsinə, ümumən, elmin təşkili işinə böyük əmək sərf edib. İlk dəfə onun elmi ictimaiyyətə çatdırdığı və dilimizə mükəmməl surətdə çevirərək əhatəli müqəddimə və şərhlərlə nəşr etdirdiyi bir çox nadir mənbələr bu gün də davamlı istinad olunan ən mötəbər qaynaqlar sırasındadır. Ziya Bünyadov Azərbaycan xalqının tarixinin saxtalaşdırılması cəhdlərinə qarşı daim ardıcıl və qətiyyətli mübarizə aparıb, taleyüklü milli məsələlərə münasibətdə hər zaman vətənpərvər ziyalı mövqeyi ilə seçilib.

Sərəncamda AMEA-ya akademik Ziya Bünyadovun 100 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.