Oktyabrın 5-də Azərbaycan Milli İncəsənət Muzeyində “Türkiyə-Azərbaycan qardaşlığı: Anadoludan əsintilər” adlı sərgi açılacaq.

Sənət və Sənətkarlar Birliyi Dərnəyinin (SAKÜDER) təşkil edəcəyi sərgi Ümummilli lider Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiklərinə həsr olunacaq.

Müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk hər zaman sənətə və sənətkara xüsusi qayğı ilə yanaşıblar.  SAKÜDER-in başlıca məqsədlərindən biri Atatürkün miras qoyduğu mədəniyyəti gələcək nəsillərə ötürmək, sənətkarları tanıtmaq və onların əsərlərini sənətsevərlərin diqqətinə çatdırmaqdır.

Sərgidə Türkiyənin İstanbul, Ankara, İzmir, Antalya şəhərlərindən və paytaxt Bakımızdan 19 rəssamın 40-dək əsərinin nümayiş etdirilməsi planlaşdırılır.

Vernisajda təqdim ediləcək nümunələr arasında Anar Hüseynov, Asım Yücesoy, İnci Tekin, Bənövşə Ağayeva, Günəş Abbas, Mustafa Pişkin  və başqalarının əsərləri yer alacaq.

Sərgi çərçivəsində “SAKÜDER – 2023” fəxri mükafatları da təqdim olunacaq.

Sərgi oktyabrın 20-dək davam edəcək.