Azərbaycan Milli Konservatoriyasının (AMK) professoru, Etnomusiqişünaslıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Jalə Qulamovanın “Yaxın və Orta Şərq ölkələrinin musiqi mədəniyyəti” və “Uzaq Şərq ölkələrinin musiqi mədəniyyəti” adlı dərs vəsaitləri işıq üzü görüb.

Elmi redaktorları sənətşünaslıq elmləri doktoru, professor Abbasqulu Nəcəfzadə olan dərs vəsaitləri AMK Etnomusiqişünaslıq kafedrasında tədris edilən Şərq xalqlarının şifahi ənənəli professional musiqisi (magistr hazırlığı) fənni üçün nəzərdə tutulub.

Azərbaycan milli musiqi sənətinin qohum və qonşu xalqların mədəniyyətləri ilə qarşılıqlı əlaqədə öyrənilməsi zərurəti, eləcə də müasir dünyanın qloballaşması ilə əlaqədar bütün Şərq xalqlarının musiqisinə maraq daha da artıb və yeni məzmun kəsb edib. Milli muğam sənəti Yaxın və Orta Şərq xalqlarının musiqisi ilə çox bənzər cəhətlərə malikdirsə, aşıq musiqisi Türk dünyasının geniş ərazilərində rast gəlinən epik musiqili-poetik növlərə yaxındır. Bundan başqa, geniş mənada anlaşılan Şərqin digər regionlarında yayılmış şifahi ənənəli xalq və professional musiqi janrları da diqqətəlayiqdirlər və musiqişünas kadrların mədəni və bədii dünyagörüşünün genişlənməsində mühüm rol oynaya bilərlər. Buna görə də bu kurs daxilində Yaxın və Orta Şərq ölkələrinin, habelə Şimali Afrikanın “Məğrib musiqisi” kimi tanınan rəngarəng sənət ənənələrinin əhatə olunması, Uzaq Şərq ölkələrindən Çin, Koreya, Yaponiya, İndoneziya və Vyetnam musiqi mədəniyyəti haqqında məlumat verilir.

Dərs vəsaitləri bu fənnin tədrisi istiqamətində atılmış ilk təşəbbüsdür. Gələcəkdə kitab, məqalə və müxtəlif səs yazıları kimi maddi vəsaitlərin çoxalması kursun daha da təkmilləşdirilməsinə yardımçı olacaq.