Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli konsert salonunda Ulu öndərə həsr olunan musiqi əsərlərindən ibarət konsert keçirildi.

Musiqi axşamı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı dəstəyi, “İrsimizin Tədqiqi və Təbliği” İB-nin təşkilatçılığı ilə gerçəkləşən “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” layihəsi çərçivəsində sentyabrın 29-da gerçəkləşdi.

İB-nin sədri S.Təhmirazqızı çıxış edərək Ulu öndər Heydər Əliyevin geniş dünyagörüşündən, incəsənətə bağlılığından, musiqinin bütün janrlarına dərindən bələdliyindən və bəstəkarların əsərlərini musiqişünas kimi şərh etməsindən söz açdı.

Sonra söz musiqiyə verildi. İlk olaraq musiqisi Əfsər Cavanşirova, sözləri Hikmət Ziyaya məxsus olan “Heydər babamız” əsəri “Bənövşə” uşaq xorunun ifasında səsləndi.

Konsertdə bəstəkar, Xalq artisti Elnarə Dadaşovanın “Babamızın ad günü” əsəri ilk dəfə ifa olundu. Əsər müəllif müşayiəti ilə Məhəmməd Muradov və Murad Əliyev tərəfindən təqdim edildi.

İlk dəfə səslənən daha bir əsər isə sözləri Leyla Əliyevaya məxsus olan Lalə Cəfərovanın “Darıxıram” əsəri idi. Əsəri müğənni, Əməkdar artist Fəxri Kazım Nicat səsləndirdi.

Proqramda ifa olunan Arif Məlikovun “Prelüdlər”, Cahangir Cahangirovun “Alagöz”, Hacı Xanməmmədovun kamança ilə orkestr üçün II konsertinin II hissəsi və s. əsərlər alqışlarla qarşılandı.

Konsertə Firəngiz Əlizadənin “Zəfər marşı” əsəri ilə (Azərbaycan Teleradiosunun C.Cahangirov adına xorun ifasında) yekun vuruldu.

Lalə Azəri