Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Bakıdakı Rus Evində politoloq, publisist Reyhan Mirzəzadənin tanınmış rus dramaturq, şair Aleksandr Nikolayeviç Ostrovskinin (1823-1886) 200 illik yubileyinə həsr olunmuş “Bəşəriyyətə şölə saçan teatr günəşi” kitabının təqdimatı keçirilib.

Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Müəllifi R.Mirzəzadə A.N.Ostrovskinin həyat və yaradıcılığından danışıb. Bildirib ki, kitabda rus teatrının çətin, mübarizəli yollarından bəhs edilir. Nəşrdə dramaturqun yaradıcılığından bəhrələnən Azərbaycan yazıçıları haqqında da məlumat verilir.

Tədbirdə Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin ifasında A.N.Ostrovskinin “Tufan” dramından parça nümayiş olunub (bədii rəhbər Əməkdar artist Nofəl Vəliyev), məktəblilər müəllifin şeirlərini səsləndiriblər.

Sonda “A.N.Ostrovski yaradıcılığı” adlı film (ssenari müəllifi və rejissor R.Mirzəzadə) və kitabxananın hazırladığı “A.N.Ostrovski – 200” videoçarxı nümayiş olunub.