Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı, Vətən müharibəsi şəhidi Əli Seyidovun anım gününə həsr olunan tədbir keçirilib.

Şəhid anaları və qazilərin iştirakı ilə gerçəkləşən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Vətən müharibəsi şəhidi Əli Seyidova həsr olunan videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edənlər müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Ordumuzun qazandığı tarixi Qələbədən və bu zəfəri qazanmaq üçün canlarını fəda edən şəhidlərimizin göstərdikləri şücaətdən danışıblar.

Sonda 189-190 nömrəli tam orta məktəbin şagirdi "Şəhid anası" adlı şeiri səsləndirib.

Qeyd edək ki, Əli Rəhim oğlu Seyidov 1999-cu il iyulun 11-də Bakıda anadan olub. Kikboksinq və ağır atletika üzrə yarışlarda dəfələrlə birincilik qazanıb. Vətən müharibəsi zamanı oktyabrın 4-də Tərtərin Suqovuşan kəndi uğrunda döyüşdə şəhidlik zirvəsinə ucalıb. Oktyabrın 10-da paytaxtın Bülbülə qəsəbəsində torpağa tapşırılıb. Dövlət başçısının sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medallarına layiq görülüb.