Çin Xalq Respublikasının yaranması günü (1 oktyabr) və ənənəvi bayramlardan olan “Payızın ortası” (Ay festivalı) münasibətilə ölkədə 8 günlük tətil davam edir. Bu günlərdə ölkə daxilində ümumilikdə 900 milyona yaxın turist səfərinin qeydə alınacağı gözlənilir.

Çinin Mədəniyyət və Turizm Nazirliyinin proqnozuna əsasən, “qızıl həftə”də gözlənilən daxili turist sayı ötən ilin eyni dövrü ilə müqayisədə 80 faiz çox olacaq. Bayram tətilində ölkənin turizm sektorunda dövriyyənin təxminən 1,5 dəfə çoxalaraq 782 milyard yuana (107 milyard dollar) çatacağı gözlənilir.

Çin Turizm Akademiyasının rəyinə əsasən, tətildə hava nəqliyyatı ilə 21 milyon, dəmir yolu ilə 190 milyon sərnişin daşınacaq.

Qeyd edək ki, Şərqi Asiya ölkələrinin ənənəvi ay təqvimi ilə 8-ci ayın 15-ci günü qeyd olunan Ay festivalının başlanğıcı bu il sentyabrın 29-na təsadüf edib. Ay festivalı və Çin Xalq Respublikasının yaranması günü (1 oktyabr 1949-cu il) münasibətilə sentyabrın 29-dan oktyabrın 7-dək qeyri-iş günləri elan edilib.