Mədəniyyət Nazirliyi və Milli Kitabxananın “Milli musiqi xəzinəmizdən: Azərbaycan Milli Kitabxanasının fondundan” mövzusunda həyata keçirdiyi birgə layihə üzrə 18 Azərbaycan bəstəkarının not məcmuələrinin təqdimatı keçirilib. Təqdimat Üzeyir Hacıbəyli festivalı çərçivəsində sentyabrın 28-də gerçəkləşib.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov kitabxananın 2019-cu ildən Azərbaycan musiqisinin dünyada təbliği istiqamətində səmərəli fəaliyyət göstərdiyini qeyd edib. Direktor həmçinin Beynəlxalq Petruççi Musiqi Kitabxanası ilə əməkdaşlıq haqqında da məlumat verib, dahi Azərbaycan bəstəkarlarının əsərlərinin notlarının və səs yazılarının həmin kitabxananın saytında yerləşdirildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycan bəstəkarlarının Sovet dövründə Bakıda nəşr olunan not məcmuələri yenidən çap olunur və yerli musiqi məktəblərinə göndərilir. Üzeyir Hacıbəyli, Süleyman Ələsgərov, Cövdət Hacıyev və digər bəstəkarlarımızın not məcmuələri bu musiqi xadimlərinin arxivindən istifadə edilərək yenidən tərtib olunub. Mədəniyyət nazirinin müşaviri Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov Azərbaycan bəstəkarlarının əsərlərinin geniş miqyasda təbliğ olunmasında Milli Kitabxananın rolundan söz açıb, kitabxananın kollektivinə minnətdarlığını bildirib. O, həmçinin Üzeyir Hacıbəylinin nadir əlyazmalarının aşkar olunduğunu və yeni əsərlərin çap olunmasının vacibliyini vurğulayıb.

Xalq artisti, professor Ramiz Quliyev, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru professor Nazim Kazımov, Üzeyir Hacıbəylinin Ev-Muzeyinin direktoru, not məcmuələrinin redaktoru, Xalq artisti Sərdar Fərəcov nəşrlərin əhəmiyyətini yüksək qiymətləndirib, zəhməti keçənlərə minnətdarlıqlarını bildiriblər.

Xalq artisti Süleyman Ələsgərovun nəvəsi, Əməkdar artist Tahir İmanov böyük bəstəkarların əsərlərini çap etdiyi üçün Milli Kitabxanaya babasının sənətinin qoruyucusu kimi təşəkkür edib.