Birinci Qarabağ müharibəsində doğma Vətəni uğrunda canını fəda edib şəhidlik zirvəsinə ucalan Valeh İbrahimovun 50 yaşı tamam oldu. Bu münasibətlə şəhidin adını daşıyan Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziyasında xatirə tədbiri keçirildi.

Lerik rayon Heydər Əliyev Mərkəzinin direktoru Hüsaməddin Abbasov qəhrəmanın həyatı və döyüş yolu haqqında məlumat verdi. Bildirildi ki, Valeh İbrahimov 1973-cü il oktyabrın 4-də Lerik şəhərində anadan olub. 2 saylı orta məktəbi bitirdikdən sonra 1991-ci ildə hərbi xidmətə yollanıb. O, bir çox uğurlu döyüş əməliyyatlarında iştirak edərək qəhrəmanlıq göstərib. 1994-cü il yanvarın 12-də şəhidlik zirvəsinə ucalıb.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov çıxış edərək I Qarabağ müharibəsində, Aprel döyüşlərində, II Qarabağ  müharibəsində, eləcə də son antiterror əməliyyatlarında Lerik rayonundan olan cəsur oğulların rəşadətindən danışıb.

Şəhidin vaxtilə təhsil aldığı Lerik şəhər 2 saylı tam orta məktəbin müəllimi Hacırza Quliyev, sinif yoldaşları Natiq İsaqov, Həmid İmanov, döyüşçü yoldaşı Veysəl Məlikov, V.İbrahimov adına Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziyasının direktoru Tehran Höccətov çıxış edərək hər bir şəhidimizin xatirəsinin xalqımız tərəfindən əziz tutulduğunu, belə qəhrəman oğulların Vətənə, torpağa sevgilərinin yeni nəsillər üçün örnək olacağını söylədilər.

Şəhidin qardaşı Vaqif İbrahimov əzizlərinin xatirəsinə göstərilən ehtirama görə ailə üzvləri adından minnətdarlığını bildirdi.

Şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunduqdan sonra Valeh İbrahimovun xatirəsinə həsr edilmiş şahmat turniri və intellektual yarışın qaliblərinə mükafatlar verilib.

Zəfər Orucoğlu