Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Qarabağ ərazisində fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin törətdikləri sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlərin araşdırılması ilə bağlı başlanmış cinayət işləri üzrə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən kompleks tədbirlər həyata keçirilir.

Qarabağdakı hərbi-kriminal rejimin rəhbərlərindən olmuş Arayik Harutyunyan, Bako Saakyan, Arkadi Qukasyan və David İşxanyan tutularaq Bakıya gətirilib və barələrində müvafiq məhkəmə qərarları ilə həbs qətimkan tədbiri seçilib.

DTX və Baş Prokurorluğun oktyabrın 5-də yayılan birgə məlumatında bildirilir ki, araşdırmalar zamanı Azərbaycanın Xankəndi şəhərində anadan olmuş, 1973-cü il təvəllüdlü Arayik Harutyunyan tərəfindən Azərbaycan Respublikasının ərazisində qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” və digər adlar altında təcavüzkar müharibənin aparılmasında iştirak edilməsi, muzdluların yığılması, onlara təlim keçirilməsi və maliyyələşdirilməsinə, həmçinin onlardan hərbi əməliyyatlarda istifadə edilməsinin təşkil olunmasına, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarının pozulmasına, silahlı münaqişə dövründə cinayətkar əmr verilməsinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq-əməliyyat tədbirləri nəticəsində, həmçinin A.Harutyunyan tərəfindən terror aktlarının törədilməsi məqsədilə Azərbaycan Respublikası ərazilərinin davamlı şəkildə minalanması, 2020-ci ildə 44 günlük müharibə zamanı cəbhə zonasından kənarda yerləşən, əhalinin sıx məskunlaşdığı Gəncə şəhəri və Bərdə rayonunun yaşayış məntəqələri və mülki obyektlərini hədəfə alaraq ballistik və digər növ raketlər atılmaqla çoxsaylı mülki şəxslərin öldürülməsi və onlara müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilməsi, mülki və hərbi infrastruktura ağır nəticələrə səbəb olan ziyan vurulması ilə nəticələnən terror hücumlarının təşkil olunması və digər çoxsaylı cinayətlər törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Arayik Harutyunyan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib. Cari il oktyabrın 3-də o, DTX tərəfindən Xankəndi şəhərində saxlanılıb, ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.

Bundan əlavə, DTX tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın Xankəndi şəhərində anadan olmuş 1957-ci il təvəllüdlü Arkadi Qukasyan, həmin şəhərdə anadan olmuş 1960-cı il təvəllüdlü Bako Sahakyan və Azərbaycanın Xocavənd rayonunda anadan olmuş 1958-ci il təvəllüdlü Davit İşxanyan 3 oktyabr 2023-cü il tarixində saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilməklə cinayət məsuliyyətinə cəlb ediliblər.

Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.