Oktyabrın 5-də Beynəlxalq Memarlar İttifaqının prezidenti və müxtəlif ölkələrdən olan üzvləri Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.

Rektor Gülçöhrə Məmmədova qonaqlara universitet haqqında məlumat verib. O, ölkəmizdə memarlıq və inşaat sahəsi üzrə 100 illik ali təhsil ənənəsinin olduğunu vurğulayaraq bildirib ki, Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1975-ci ildə yaradılan AzMİU o zamanlar öz profili üzrə Cənubi Qafqazın ən böyük ali təhsil müəssisəsi olub: “Bu gün universitetdə memarlığın və inşaatın bütün istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir. On bir minə yaxın tələbəmiz, əlli mindən çox məzunumuz var. Bu da ölkəmizdə inşaat sahəsinin, memarlığın inkişafı ilə əlaqədardır”. Vurğulanıb ki, işğaldan azad olunan torpaqlarımızda aparılan geniş quruculuq işləri memarlara və inşaat mühəndislərinə tələbatı xeyli artırıb.

Rektor diqqətə çatdırıb ki, Dünya Universitetləri Assosiasiyasına üzv olan AzMİU-nun memarlıq və inşaat mühəndisliyi üzrə dünyanın ən qabaqcıl ali təhsil müəssisələri ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur. Kadr hazırlığında tədrislə yanaşı, praktik vərdişlərin formalaşdırılmasına da üstünlük verilir. Müəllim və tələbələrin Dünya Memarlar Konqresində iştirakı, məşhur memarlarla ünsiyyəti və əlaqə qurması təmin olunur.

Azərbaycan Memarlar İttifaqının sədri, AzMİU-nun kafedra müdiri Elbay Qasımzadə  çıxışında ölkəmizdəki qədim alban məbədlərinə diqqət çəkərək qeyd edib ki, bu məbədlərin böyük əksəriyyəti vaxtilə işğal altında olub və ermənilərin təxribatlarına məruz qalıb: “Azərbaycanda alban və xristian memarlığını mərhum professor Davud Axundov araşdıraraq dünyaya təqdim edib. Professor Gülçöhrə Məmmədova onun davamçısı olaraq bu işləri davam etdirir. Hesab edirəm ki, işğaldan azad olunmuş ərazilərimizdə saxtalaşdırılan memarlıq abidələrimiz onun rəhbərliyi ilə peşəkar memarlarımız tərəfindən yüksək səviyyədə bərpa edilərək öz görkəminə qaytarılacaq”.

Beynəlxalq Memarlar İttifaqının prezidenti, meksikalı professor Xose Luis Kortes görüş üçün təşəkkürünü bildirib və Azərbaycanda memarlığa, xüsusilə ölkənin memarlıq təhsilinə qayğının hiss olunduğunu deyib. O, həmçinin dünyanın müxtəlif ölkələrində apardığı tədqiqatlar, memarlığın inkişafı ilə bağlı araşdırmaları haqqında məlumat verərək AzMİU-nun memarlıq ixtisası üzrə professor-müəllim heyəti ilə əməkdaşlığa açıq olduğunu qeyd edib.

Türkiyənin Memar Sinan Universitetinin professoru Deniz İncedayı, memarlığın inkişafı üzrə nüfuzlu “Barbara Kappoçin” Fondunun prezidenti Cüzeppe Kappoçin, Hindistan Memarlıq İnstitutunun professoru Divya Kuş, Cənubi Afrika Respublikasından olan memar, “FGG Architects Inc” şirkətinin direktoru Kevin Bingham görüşə görə minnətdarlıqlarını bildirib, Bakıda gördükləri memarlıq nümunələri ilə bağlı fikirlərini bölüşüb, AzMİU ilə əməkdaşlıq perspektivlərindən söz açıblar.

Qonaqlar universitetin Memarlıq fakültəsinin maddi-texniki bazası, tədris laboratoriyaları, tələbələrin kurs işləri, müxtəlif zamanlarda müəllim və tələbələr tərəfindən icra edilən layihələrin eskizləri ilə tanış olublar.