VI Beynəlxalq Memarlıq Müsabiqəsinə 26 ölkədən 200-dən çox iş təqdim olunub

 

4-6 oktyabr tarixlərində VI Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi keçirilir. Azərbaycan Memarlar İttifaqının Mədəniyyət Nazirliyi ilə birgə təşkil etdiyi ənənəvi müsabiqə bu il Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunub.

Oktyabrın 4-də Beynəlxalq Muğam Mərkəzində (BMM) müsabiqəyə təqdim olunan layihələrdən ibarət sərginin açılışı keçirildi. Açılış mərasimindən əvvəl müsabiqənin münsiflər heyətinin üzvləri Fəxri xiyabanda Ulu öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, önünə tər çiçəklər düzüblər. Sonra Şəhidlər xiyabanı ziyarət edilib.

Sərginin açılışı zamanı Azərbaycan Memarlar İttifaqı (AMİ) idarə heyətinin sədri Elbəy Qasımzadə qonaqları salamlayaraq dedi ki, müsabiqə yüksək reytinqə malik dünya memarlıq müsabiqələrinin sırasına daxildir. O, müsabiqəyə daxil olan layihələrin keyfiyyəti, sayı, eləcə də iştirakçıların təmsil etdikləri ölkələr haqqında məlumatı diqqətə çatdırdı. Bildirdi ki, dünya memarları tərəfindən Bakıda keçirilən müsabiqəyə maraq ildən-ilə artır. Bu il müsabiqəyə 26 ölkədən 200-dən çox iş təqdim olunub və sevindirici haldır ki, bu işlərin 37-si yerli memarlara məxsusdur.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov müsabiqənin əhəmiyyətindən danışaraq Azərbaycanın qədim və zəngin memarlıq ənənələrinin olduğunu vurğuladı: “Azərbaycan xalqı əsrlər boyu özünün memarlıq məktəblərini yaradıb, qədim dövrlərdən bu günümüzə möhtəşəm memarlıq abidələri yadigar qoyub. Son dövrlər ölkəmizin, xüsusən də paytaxt Bakının simasını dəyişən, onun yeni rəmzlərinə çevrilən binalar inşa olunub”.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirdi ki, müsabiqə dünyanın tanınmış memarları ilə təcrübə mübadiləsi həyata keçirməyə imkan verəcək, gənc memarların bilik və bacarıqlarının inkişafına təkan olacaq: “Azərbaycan qədim tarixi köklərə malik, müxtəlif coğrafiya və sivilizasiyaların kəsişməsində yerləşən zəngin bir mədəniyyətin sahibidir. Bu mədəniyyətin ən böyük və vacib hissələrindən biri də memarlıqdır. Xalqımızın milli sərvəti olan abidələrin qorunması, tədqiqi və təbliği, onlara qayğı hamımızın gələcək nəsillər qarşısında müqəddəs borcudur. Tarix və mədəniyyət abidələrimiz bu gün dövlət tərəfindən qorunur. Mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsinin təmin edilməsi məqsədilə milli qanunvericilik bazası daim təkmilləşir”.

Qeyd olundu ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 18 dekabr tarixli fərmanı ilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması, ötən müddət ərzində dövlət başçısının göstərişi ilə bir çox abidələrdə bərpa-konservasiya işlərinin həyata keçirilməsi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən də çox böyük layihələrin icra olunması bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir.

 

Azad olunmuş ərazilərdə müasir şəhərsalma təcrübəsi tətbiq edilir

 

Nazir müavini bildirdi ki, Azərbaycanın işğaldan azad olunan Qarabağ və Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Burada sadəcə bərpa deyil, eyni zamanda “ağıllı kənd”lər və “ağıllı şəhər”lər inşa olunur, ən müasir şəhərsalma təcrübəsindən istifadə edilir. Bu isə memarlarımız və memarlığımız üçün ciddi sınaqdan başqa, həm də yeni imkanlar açır.

Səadət Yusifova çıxışının sonunda müsabiqə iştirakçılarına uğurlar arzuladı.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov müsabiqənin əhəmiyyətini qeyd edərək gələcəkdə yerli memarların əməyinin dəyərləndirilməsi, şəhərsalmada yerli memarlara müraciətin vacibliyini vurğuladı.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova çıxışında 2000-ci illərin əvvəlindən Azərbaycanın yeni memarlıq mərkəzinə çevrildiyini dedi, müsabiqənin gənc memarlar üçün əhəmiyyətinə diqqəti çəkdi.

Açılış mərasimindən sonra VI Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi münsiflər heyətinin iştirakı ilə mətbuat konfransı təşkil edildi.

Müsabiqə 7 nominasiya üzrə keçirilir: “İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “Həyata keçirilmiş ən yaxşı interyer”, “Həyata keçirilməmiş ən yaxşı layihə”, “Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə”, “Memarlıq sahəsində ən yaxşı nəşr”.

Qaliblər oktyabrın 6-da elan ediləcək.

Müsabiqənin münsiflər heyətində Deniz İncedayı (Türkiyə), Kevin Bingham (Cənubi Afrika), Divya Kuş (Hindistan), Giuseppe Cappochin (İtaliya), Leo Orellana (Çili) və Elbay Qasımzadə (Azərbaycan) yer alıb.

 

Beş müsabiqədə mindən çox layihə

 

Xatırladaq ki, Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi ilk dəfə 2013-cü ildə keçirilib və ənənəvi olaraq iki ildən bir təşkil edilir. Müsabiqənin münsiflər heyəti Beynəlxalq Memarlar İttifaqı tərəfindən tövsiyə olunan dünya şöhrətli memarlardan ibarətdir. Ötən 10 ildə münsiflər heyətində Mişel Barmaki (Livan), Vassilis Squtas (Yunanıstan), Tomas Vonier (ABŞ), Hayder Ali (Sudan), Patrik Kolombiye (Fransa), Esa Mohamed (Malayziya), Katerine Jakot (Fransa), Viti Nsalambi (Anqola), İn-Souk Ço (Cənubi Koreya), Viktor Leonel (Anqola), Jozef Kuan (Honq-Konq) və E.Qasımzadə kimi tanınmış memarlar təmsil olunublar.

Ümumiyyətlə, 2013-2021-ci illər ərzində müsabiqədə dünyanın 53 ölkəsindən memarlar mindən çox layihə ilə iştirak ediblər. Ötən beş müsabiqədə Portuqaliya, Fransa, ABŞ, Sloveniya, Gürcüstan, Yaponiya, Rusiya, Mərakeş, Xorvatiya, İtaliya, Banqladeş, İspaniya, Ukrayna, Almaniya, Vyetnam, Sinqapur, Qırğızıstan, Yunanıstan, Malayziya, Cənubi Afrika, Misir, Çin, İran, Keniya, BƏƏ, Meksika, Rumıniya, Polşa, Hindistan və Azərbaycandan memarlar qalib olublar.

Lalə Azəri