Nobel sülh mükafatının builki laureatı bəlli olub. Mükafat Güney azərbaycanlı (İran) tanınmış jurnalist və hüquq müdafiəçisi Nərgiz Məhəmmədiyə verilib.

N.Məhəmmədi mükafata İranda qadınlara qarşı qəddar dövlət siyasəti əleyhinə, bu ölkədə insan haqları və azadlığının təşviqi istiqamətində apardığı mübarizəyə görə layiq görülüb.

Nərgiz Məhəmmədi 21 aprel 1972-ci ildə Güney Azərbaycanın Zəncan şəhərində anadan olub.

Ali təhsil aldığı zaman tələbə qəzetində qadın hüquqlarını dəstəkləyən məqalələr yazaraq diqqət çəkib. Uzun illər müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərib.

Məhəmmədi ilk dəfə 1998-ci ildə İran hökumətini tənqid etdiyinə görə bir həbs cəzası çəkib. 2010-cu ildə İranda İnsan Hüquqları Müdafiəçiləri Mərkəzində fəaliyyətinə görə İslam İnqilabı Məhkəməsinə çağırılıb. Qısa müddətə 50 000 dollar girov müqabilində sərbəst buraxılıb, lakin bir neçə gün sonra yenidən həbs edilib və Tehrandakı Evin həbsxanasına salınıb. Bir aydan sonra sərbəst buraxılıb.

2011-ci ilin iyulunda Məhəmmədi yenidən mühakimə olunub və "milli təhlükəsizliyə qarşı hərəkət etmək, İnsan Hüquqları Müdafiəçiləri Mərkəzinə üzv olmaq və rejim əleyhinə təbliğat aparmaq"da təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib. 2012-ci ildə hökm altı ilə endirilsə də, apellyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanılıb. Həmin ilin iyulunda beynəlxalq qanunvericilər qrupu onun azadlığa buraxılmasına görə təşəbbüs göstərib və həbsdən azad edilib.

N.Məhəmmədi növbəti dəfə  2015-ci il mayında yeni ittihamlar əsasında həbs edilib və 2020-ci ilin oktyabr ayında də həbsdən azadlığa buraxılıb.

16 noyabr 2021-ci ildə o, Əlborz vilayətinin Kərəc şəhərində 2019-cu ilin noyabrında ümummilli etirazlar zamanı İran təhlükəsizlik qüvvələri tərəfindən öldürülən İbrahim Kitabdarın anım mərasimində iştirak edərkən yenidən həbs edilib və hazırda həbsdədir.

Xatırladaq ki, 2022-ci ildə Nobel Sülh Mükafatı belaruslu insan haqları müdafiəçisi Ales Bialiatski, Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatı və Ukraynanın Vətəndaş Azadlıqları Mərkəzinin rəhbərlərinə təqdim edilib.