Bişkekdə Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə "Türk dünyasının mümtaz oğlu Salman Mümtaz" (Azərbaycan dilində) adlı kitab nəşr olunub.

AMEA Dilçilik İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Şəlalə Ana Hümmətlinin nəşrə hazırladığı kitab Azərbaycan ədəbiyyatşünası, mətnşünas, dilçi, şair, publisist, repressiya qurbanı Salman Mümtazın (1884-1941) yaradıcılığına həsr olunub.

Nəşrin elmi məsləhətçisi filologiya elmləri doktoru, professor Paşa Kərimov, rəyçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Mətanət Yaqubqızı və şərqşünas, böyük elmi işçi Hacı Mustafa Mailoğludur.
Kitabda Salman Mümtazın "100 şair" əsərindən bəhs edilir. Nəşrdə həmin təzkirədən 10 şair barədə ərəb qrafikalı Azərbaycan əlifbasından transfoneliterasiya edilərək ixtisarla ilk dəfə oxuculara təqdim olunur. Eyni zamanda S.Mümtazın köhnə latın qrafikasında nəşrə hazırladığı, bu günədək məlum olmayan və dil tarixi baxımından əhəmiyyətli "Ədəbi lüğət"indən də bir hissə ilk dəfə müasir əlifbamızda diqqətə çatdırılır.