Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə 33 nömrəli Uşaq musiqi məktəbində 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə konsert keçirilib.

İlk olaraq bayram münasibətilə bütün müəllimlər təbrik edilib, sonra Beynəlxalq Müəllimlər Gününün tarixindən, müəllimlərin təhsilin inkişafında göstərdikləri böyük xidmətlərdən danışılıb.

Qeyd edilib ki, əlamətdar gün UNESCO-nun qərarı ilə 1966-cı ildə təsis olunub. Həmin il təşkilat tərəfindən müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edilib.

Bayram konsertində məktəbdə müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdlər Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa ediblər.