6-15 oktyabr tarixlərində Mədəniyyət Nazirliyinin dəstəyi və “Paşa Holdinq”in baş sponsorluğu ilə XVIII Bakı Beynəlxalq Caz Festivalı keçirilir. Festival tanınmış caz ifaçılarının konsertləri və digər maraqlı tədbirlərlə musiqisevərlərin zövqünü oxşayacaq.

Oktyabrın 6-da “UN 1906” klubunda festivalın açılışı keçirilib. Tədbir çərçivəsində paytaxt sakinləri və qonaqlarına Almaniya, Türkiyə, Norveç, Avstriyadan olan musiqiçilər və azərbaycanlı ifaçıları canlı dinləmək imkanı verən musiqi yarmarkası təşkil edilib. Gün ərzində yarmarkaya gələn qonaqlar ləziz təamlarımızdan dadaraq 3D fotoşəkillər və DJ GRAF-nin musiqisi sədaları altında rəqs etmək imkanı yaradılıb.

Oktyabrın 7-də isə festival çərçivəsində məşhur “Jazzanova” qrupu almaniyalı  DJ Amir ilə birlikdə çıxış edib. Festivalda caz musiqisinin müxtəlif üslublarında musiqi nömrələri səsləndirilib. Bluz, modern, elektron və dəyişik musiqiçilərdən ibarət proqram maraqla qarşılanıb.

Oktyabrın 9-dan isə Beynəlxalq Muğam Mərkəzində "I am jazzman!" gənc caz ifaçıların iştirakı ilə konsert təqdim edilib. "I am jazzman!"nın məqsədi ölkədə cazın təbliği və gənc istedadların üzə çıxarılmasıdır.

Konsertin aparıcısı Tofiq Həsənsoy Azərbaycan cazının tarixi və ənənələrindən söz açıb. Bu musiqinin ölkəmizdə inkişafına töhfə vermiş insanlar xatırlanıb.

Daha sonra səhnə gənc istedadların ixtiyarına verilib. Mədinə Paşayeva, Günel Hacıyeva, Cavanşir Abdullalı, Rəna Xanəlibəyli, Samir Səfərov, Nəzrin Cəfərova, Cozef Okparmen və başqaları dünyanın məşhur caz ifaçılarının repertuarlarından kompozisiyalar ifa ediblər. Gənclər cazın müxtəlif üslublarında bir-birindən maraqlı improvizələrlə dinləyicilərin alqışlarını qazanıblar.

Konsertin sonunda vokalçı-bəstəkar Qasım Xəlilov səhnəyə çıxaraq gənc istedadları təbrik edib. Diqqətə çatdırıb ki, festival çərçivəsində təşkil olunan proqram gənc musiqiçilərin yaradıcılığında mühüm yer tutur.

Daha sonra iştirakçılara festivalın dioplomları təqdim olunub.

Qeyd edək ki, builki festivalda 15 ölkədən musiqiçilər, o cümlədən “Gremmi” mükafatı laureatları olan ifaçılar, Amerikadan caz və rep ifaçısı Theo Crocker, arfa caz ifaçısı Edmar Castaneda və Gregoire Maret də Bakıya təşrif buyurub.

Festivalın proqramına gənc caz ifaçılarının ənənəvi “I am Jazzman!” müsabiqəsi də yer alıb. Rəssam Eldar Qurbanovun “Cazın ağ quşları” sərgisi də builki festivalın yaddaqalan tədbirləri sırasındadır.

Xatırladaq ki, bu il 18-ci dəfə təşkil edilən festivalın əsası 2005-ci ildə görkəmli caz musiqiçisi, Əməkdar artist Rain Sultanov tərəfindən qoyulub. Artıq festival öz ənənələrini formalaşdırıb, ölkəmizdə və xaricdə musiqi ictimaiyyətinin diqqətini çəkə bilib

Lalə Azəri