Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın (1939-1992) anadan olmasının 84 illiyi ilə əlaqədar olaraq alimin həyat və elmi fəaliyyətindən bəhs edən virtual kitab sərgisini və yenilənmiş elektron məlumat bazasını oxuculara virtual rejimdə təqdim edib.

Kitabxanadan bildirilib ki, elektron bazada şərqşünas alim Aida İmanquliyevanın həyat və elmi fəaliyyətinin əsas tarixləri, əsərləri, tərcümələri, onun haqqına dövrü mətbuatda çıxan məqalələr və s. kimi məlumatlar öz əksini tapıb. Elektron resursda Vasim Məmmədəliyev, Nərgiz Axundova, Cəmil Quliyev kimi akademiklərin, yazıçıların, dövlət xadimlərinin Aida İmanquliyeva haqqında səsləndirdikləri dəyərli fikirlər yer alıb.

Ömrünü ərəb və Şərq tədqiqatlarına həsr etmiş azərbaycanlı alim Aida İmanquliyeva haqqında hazırlanmış elektron məlumat bazasında Aida xanımın təbiət, gözəllik, məhəbbət, gündəlik insan qayğıları haqqında fikirləri, eyni zamanda, görkəmli şəxsiyyətə məxsus foto və videoxatirələr də öz əksini tapıb.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan, özündə çoxlu sayda kitab və dövrü mətbuat nümunələrini cəmləyən virtual kitab sərgisində Aida xanımın elmi fəaliyyəti, neçə-neçə kitabların, tərcümələrin müəllifi, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ilk qadın direktoru olması, Azərbaycan şərqşünaslığını bir çox yaxın və uzaq ölkələrdə elmi konfrans və simpoziumlarda ən yüksək səviyyədə təmsil etməsi kimi faktlar yer alıb. Virtual kitab sərgisində ərəb dünyası və ədəbiyyatı, Şərq-Qərb mədəniyyətlərinin kəsişməsi və multikulturalizm mövzusunda qələmə alınmış “Dünya deyilən sənmişsən”, “Cübran Xəlil Cübran” “Aida İmanquliyeva və ərəb ədəbiyyatının tədqiqi problemləri”, “Şərq-Qərb-ortaq mənəvi dəyərlər” kimi kitabların biblioqrafik təsviri və annotasiyası yer alıb.

Hazırlanmış material kitabxananın rəsmi saytında və sosial şəbəkələrində yerləşdirilib.