Oktyabrın 13-dən 15-dək Mədəniyyət Nazirliyi, Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANA), Sumqayıt Şəhər İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə III Sumqayıt Kitab Sərgisi keçiriləcək.

Sərgidə ölkənin 30-dan artıq nəşriyyatı iştirak edəcək, nəşrlərin endirimli satışı təşkil olunacaq.

Kitab bayramında tanınmış ədiblərin, mədəniyyət xadimlərinin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klaslar baş tutacaq. O cümlədən yazıçılar Zahid Xəlil, Varis, Elxan Elatlı, Rövşən Abdullaoğlu da oxucularla görüşəcəklər.

Sərginin ilk günü "Kitabqurdu" I Yay Oxu Marafonunun qalibləri mükafatlandırılacaq. Mərasimdə marafondakı kitabların müəllifləri də iştirak edəcəklər.

Oktyabrın 13-ü ANA-nın sədri Şəmil Sadiq "STEAM əsaslı təhsil"dən danışacaq.

Oktyabrın 14-ü isə dilçi alim Rafiq İsmayılov və professor Qulu Məhərrəmli “Oxu bacarığı: dil bilgisi, yoxsa intellekt göstəricisi?” paneli ilə çıxış edəcəklər.

Qeyd edək ki, sərgi hər gün saat 10:00-dan 19:00-dək davam edəcək.

Sərgiyə giriş sərbəstdir.