Yuta Universitetinin professoru AzMİU-da

 

ABŞ Dövlət Departamentinin “Fulbright” proqramı çərçivəsində amerikalı mütəxəssis Karolin Lavoie yeni tədris ilində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsində fəaliyyətə başlayıb.

AzMİU-dan bildirilib ki, ABŞ-nin Yuta Dövlət Universitetinin Landşaft memarlığı və ətraf mühitin planlaşdırılması departamentinin professoru Karolin Lavoie Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasına təhkim olunub. Fakültənin müəllim və tələbələrinə “Amerikanın yaşıl binalar təcrübəsi” mövzusunda dərslər, seminarlar, vörkşoplar və ustad dərsləri keçən mütəxəssis özünün bilik və bacarıqlarını onlarla bölüşür, təmsil etdiyi universitetdə həyata keçirilən layihələr haqqında detallı elmi-metodik məlumatlar verir.

Azərbaycanın tarixi abidələrinin tanıdılması məqsədilə amerikalı mütəxəssisin Qobustan və “Atəşgah məbədi” qoruqlarına səfəri təşkil edilib. O, həmçinin “Qala” qoruğunda tələbələrlə birgə vörkşop keçirib.