Türk xalqları ədəbiyyatının görkəmli nümayəndələrindən biri də türkmən şairi Məhdumqulu Fəraqidir. Türkmən ədəbi dilinin banisi hesab edilən şair öz xalqının həyat tərzi, məişəti, sevinc və kədərinə yaradıcılığında geniş yer ayırıb. Dövrün ədalətsizliyinə qarşı həmişə etiraz səsini ucaldıb. Türkmənlərin könüllər şairinin bu il anadan olmasının 290 illiyidir.

Məhdumqulu Dövlətməmməd Azadi oğlu Fəraqi 1733-cü ildə Kopetdağın ətəyində, Ətrak çayının hövzəsində yerləşən Hacı Qovuşan kəndində ziyalı ailədə anadan olub. Tanınmış şair olan atası onun təlim-tərbiyəsinə diqqət yetirir. Kitaba-elmə dərin maraq oyadır. Məhdumqulu ilk təhsilini Şirqazi mədrəsəsində alır və Buxara xanlığında Qızıl-Ayağdakı İdris baba mədrəsəsindən məzun olur. Buradakı elmi-ədəbi mühitdə Şərqin böyük alimlərinin elmi-fəlsəfi irsi ilə maraqlanır. Eyni zamanda atasının zəngin kita-bxanasından bəhrələnərək ərəb və fars dillərindəki kitabları böyük həvəslə mütaliə edir.

1754-cü ildə Buxaranın məşhur Kəkildaş mədrəsəsində təhsilini davam etdirən Məhdumqulu burada dövrünün tanınan ziyalılarından olan mövlana Nuri Kazım ibn Baharla tanış olur. Bir müddət sonra onunla birlikdə səyahətə çıxır. Özbəkistan, Tacikistan və Əfqanıstanı keçərək Hindistanın şimalına çatır. 1757-ci ildə geri dönür və o dövrün elm mərkəzlərindən biri, çoxlu sayda mədrəsəsi olan Xivə şəhərində olur. Burada Şirqazi xanın 1713-cü ildə tikdirdiyi mədrəsəyə baş çəkir.

1760-cı ildə atasının ölüm xəbərini alır və vətənə dönür. Atası ilə bərabər, iki qardaşının da öldüyünü öyrənir. Bu ağır nisgil Məhdumqulu yaradıcılığında dərin iz buraxır. Ağır qüssə, kədər içində ikən bir mənəvi zərbə də alır. İllərlə sevgisini ürəyində gəzdirdiyi Mənli adlı qızı başqasına verirlər. Mənlinin valideynləri ondan qızları üçün böyük miqdarda başlıq pulu tələb edirdilər. Onun isə bu məbləği vermək imkanı yox idi... Məhdumqulu bu haqsızlıqla barışmasa da, əlindən də bir iş gəlmir. Nakam məhəbbətini qəlbində yaşadaraq “Fəraqi” (ayrılıq, hicran) təxəllüsü ilə şeirlər qələmə alır. Müəllif bir şeirində bu təxəllüsü seçməsini belə ifadə edib:

Cahanı yandırdı odun,
Qaçar oldu yaxın-yadın,
Məhdumqulu, sənin adın,
Olsun indi qoy Fəraqi.

Araşdırmalardan məlum olur ki, şair ən yaxşı məhəbbət şeirlərini məhz Mənliyə həsr edib. Bu şeirlərin hər birində Məhdumqulunun ürəkləri yandıran kədəri aşkar görünür. Şair çox çətin olsa da, başqa bir qızla ailə həyatı qurur. Ancaq övladları körpə ikən vəfat edir. O, bu talesizlikdən bir müddət özünə gələ bilmir.

Məhdumqulu böyük bir əraziyə səpələnmiş türkmən tayfalarının birləşməsinin xəyalı ilə yaşayırdı. Xalqının birliyi üçün o da çox çalışır. Bu müqəddəs ideyanın tərənnümü onun yaradıcılığında geniş yer tutur. Müəllif əsərlərində türkmənlərə ortaq milli şüur aşılayır. 

Filologiya üzrə elmlər doktoru Salidə Şərifova araşdırmasında yazır ki, Məhdumqulu Fəraqi xalq ruhunun tərcümanı olub. Türkmən xalqının milli şüurunun və türkmən dövlətçiliyinin ideoloji əsaslarının formalaşmasında xüsusi rol oynayıb...

Şair əksər şeirlərində adlı-sanlı türkmən xan, bəy, sərkərdə və döyüşçülərini vəsf edib. Ancaq ölkədə baş alıb gedən feodal ara müharibələrindən çox narahat olduğunu dilə gətirib. Həmin əsərlərdən biri Əhməd şah Dürraninin vəsfi ilə bağlıdır. Görkəmli şair bu şeirində müstəqil türkmən dövlətinin birliyi arzusunu ifadə edib:

Qəmdən uzaq olar, qəlbi dağlanmaz,
Yıxar dağı-daşı, yolu bağlanmaz.
Başqa bir elatda könlü saxlama,
Məhdumqulu, susmaz dili türkmənin.

Mütəxəssislərin yazdığına görə, Məhdumqulu Fəraqi ümumtürk folklorunun bilicilərindən olub. Onun 10 mindən artıq misradan ibarət irsinin əksər hissəsi qoşma janrındadır. Türkmən ədəbi dilinin yaradıcısı sayılan Məhdumqulu əruz vəznindən imtina edib. Yaradıcılığında xalq şeiri ənənələrinə söykənərək heca vəznində əsərlər yazıb. Türkmən klassik ədəbiyyatını xalqın zəngin dili və folkloru ilə yaxınlaşdıran şair bununla da türkmən ədəbiyyatında mövcud olan çoxəsrlik ərəb və fars poeziya ənənələrindən gələn təsirləri xeyli azaldıb.

Mənbələrdə Məhdumqulu Fəraqinin səyahət etməyi çox sevdiyi də bildirilir. O, 1760-cı ildən başlayaraq ömrünün sonuna kimi bir çox məmləkətlərdə olub. Manqışlaqda, Həştərxanda olub. Sonra Azərbaycana gəlib. Şair Azərbaycanda olarkən Nuxa (indiki Şəki) şəhərinə gedib. “Yaylaqları var” adlı şeirində şəhərin füsunkar təbiətini vəsf edib:

Gedək seyrə çıxaq Nuxa mülkünü,
Könülü oxşayan yaylaqları var.
Dərib qoxulayaq qönçə gülünü,
Yaşıl reyhanları, zanbaqları var.

Türkmən ədəbiyyatının inkişafına dəyərli töhfələr verən Məhdumqulu Fəraqi 1783-cü ildə vəfat edib.

Müstəqil türk respublikalarının yaranması ilə digər şair və mütəfəkkirləri kimi, Məhdumqulu Fəraqinin də yaradıcılığının təbliğində yeni səhifə açılıb. Təsadüfi deyil ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY 2014-cü ili görkəmli şairin şərəfinə “Məhdumqulu Fəraqi ili” elan etmişdi. Bundan əlavə, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan nüsxə əsasında 2015-ci ildə şairin “Divan”ı ilk dəfə ölkəmizdə nəşr olunmuşdu.

Savalan Fərəcov