Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının 6-cı baş assambleyası 5-7 oktyabr tarixlərində Maltanın paytaxtı Vallettada təşkil olunub. Tədbir çərçivəsində Kompendium ekspertlərinin assambleyası, Beynəlxalq mədəniyyət siyasəti konfransı və simpoziumu da keçirilib. Tədbirlərdə ölkəmizi Mədəniyyət Nazirliyinin Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdir müavini, Kompendium Assosiasiyasının Azərbaycan Respublikası üzrə eksperti Yaşar Hüseynli təmsil edib.

Beynəlxalq konfransda “Yaradıcılıq azadlığı”, “Mədəni müxtəliflik və əlçatanlıq” və “Mədəni demokratiya” mövzulu panellər keçirilib. Mədəniyyət Siyasəti və Təmayülləri

Assosiasiyanın 2022-2023-cü illər üçün illik hesabatları, layihənin auditoriyası, yeni sosial media formatlar, digər təşkilati məsələlər və gələcək perspektivlər müzakirə olunub. Tədbir zamanı Ermənistan nümayəndəsi təxribata əl ataraq, Azərbaycan tərəfinin 24 saatlıq (19-20 sentyabr) antiterror əməliyyatı nəticəsində Ermənistana köç edən əhalinin yerləşdirilməsində çətinliklərlə üzləşdiklərini qeyd edərək, beynəlxalq tədbirin auditoriyasını çaşdırmağa çalışıb. Azərbaycan eksperti tərəfindən bu təxribat cəhdinin qarşısı alınıb və tədbir iştirakçılarının diqqətinə məsələnin əsl mahiyyəti çatdırılıb.

Müxtəlif ölkələrdən iştirakçılar II Malta Milli Beynəlxalq Simpoziumu çərçivəsində “Maltada mədəniyyət hüququnun kontekstuallaşdırılması” adlı panel müzakirələrinə də qatılıblar. Malta Universitetində mədəniyyət sahəsinə dair “Sağlamlıq və rifah üçün incəsənət”, “Mədəniyyət siyasətində və mədəni iştirakda süni intellektin istifadə olunması” və s. mövzulara dair təqdimatlar olub.

Məlumat üçün qeyd edək ki, Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu mədəniyyət siyasəti sahəsində müqayisəli təhlillər üzrə aparıcı beynəlxalq platformadır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu platformaya 1999-cu ildə qoşularaq fəal iştirak edir və Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının təşkilatçı-üzvüdür.