Oktyabrın 18-də Nizami Kino Mərkəzində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin dəstəyi, “LİBRAFF” kitab mağazalar şəbəkəsi və “TEAS Press” nəşriyyat evinin təşkilatçılığı ilə Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli filminin nümayişi keçiriləcək.

Üç il ərzində lentə alınan film 1992-ci ildə, Birinci Qarabağ müharibəsi zamanı əsir götürülən azərbaycanlı hərbçi Natiq Qasımov haqqındadır. Natiq müharibə zamanı beş gün təkbaşına mühasirədə qalır, ermənilərə müqavimət göstərərək təslim olmur. Yalnız ermənilər onu Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra silahını ataraq sığındığı alban kilsəsindən çıxır. Lakin son ana qədər əlindəki Azərbaycan bayrağını ermənilərə vermir. Natiq Qasımovun sonrakı aqibəti məlum deyil.

Rejissor və ssenari müəllifi Karan Sinqh üç il Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə danışıb. Natiq Qasımov erməni hərbçiləri tərəfindən dindirilən zaman orada olan italiyalı hərbi fotoreportyor Enriko Sarsininin müsahibəsi də filmdə yer alıb.

Təsvir rejissoru Simon Stanford olan 46 dəqiqəlik filmdə faktın bərpası üçün azərbaycanlı aktyorların ifasından da istifadə edilib.

Natiq Səlim oğlu Qasımov 1971-ci ildə Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində anadan olub. Birinci Qarabağ müharibəsi zamanı “Qarabağ şahinləri” batalyonunun tərkibində Ağdam-Xankəndi istiqamətində döyüşlərdə igidlik göstərib.