Beynəlxalq Muğam Mərkəzinin (BMM) nəşrləri seriyasından növbəti kitab işıq üzü görüb. Publisist-yazıçı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı və texnika üzrə fəlsəfə doktoru, mühəndis Turan İbrahimov tərəfindən ərsəyə gətirilən kitab XX əsrin əvvəllərində fəaliyyət göstərmiş xanəndə Məşədi Qafar (Qafar Qaryağdı) haqqındadır.

Nəşrdə Şuşanın istedadlı Qaryağdılar nəslinin nümayəndəsi və məşhur xanəndə Cabbar Qaryağdıoğlunun kiçik qardaşı Qafar Qaryağdının musiqi irsi, səs yazıları siyahısı və arxivi haqqında geniş məlumat verilir. Həmçinin xanəndənin bioqrafiyası və nəsil şəcərəsindən söz açılır.

Kitabın məsləhətçisi BMM-nin direktoru Sahib Paşazadə, ön sözün müəllifi Azərbaycan Milli Konservatoriyasının prorektoru Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova, redaktoru professor Abbasqulu Nəcəfzadədir.