Oktyabrın 14-də Bakıda Şimali Kipr Türk Cümhuriyyəti mədəniyyət və təqdimat günləri çərçivəsində “Foto və Kipr türk geyimləri” sərgisi təşkil olunub.

Sərgidə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, bu ölkənin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Arca Turganer, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı və bir çox rəsmi nümayəndələr, diplomatlar iştirak ediblər.

Sərginin açılış mərasimində əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Azərbaycan Respublikasının və Şimali Kipr Türk Cümhuriyyətinin Dövlət himnləri səsləndirilib.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar sərginin açılış mərasimində çıxış edərək dost və qardaş Azərbaycanda bu cür tədbirlərin təşkilini yüksək qiymətləndirib, Türk dünyasında birliyin önəmini vurğulayıb.

Prezident Ersin Tatar bildirib ki, sərgidə nümayiş olunan fotolar müxtəlif dövrlərdə Şimali Kiprdəki həyatı əks etdirir.

Sərgidə rəsm əsərləri, Şimali Kiprə məxsus geyimlər nümayiş etdirilib, milli rəqslər ifa olunub.