İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır.

Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq.

Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra çıxış edərkən səsləndirib.

“Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”, - deyə dövlətimizin başçısı əlavə edib.