Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı italyan dramaturqu Pepino de Filipponun "Don Rafaello-trombonçu" əsəri əsasında hazırlanan tamaşa ilə oktyabrın 19-da Mingəçevir Dövlət Dram Teatrında çıxış edəcək.

Xalq artisti Cənnət Səlimovanın quruluşunda hazırlanan tamaşada Əməkdar artistlər Şövqi Hüseynov, Gülər Nəbiyeva, Nofəl Vəliyev, aktyorlar İradə Rəşidova, Ramil Məmmədov, Aydın Dəmirov iştirak edirlər.

Səhnə əsəri çətin həyat şərtləri içərisində çabalayan bir musiqiçinin ağır taleyindən bəhs edir. Don Rafaello trombonçudur, musiqi alətləri mağazasını işlədir, özünün dediyinə görə, bir neçə opera və balet də yazıb. Evdə isə yeməyə heç nə yoxdur, vəziyyət ağırdan ağırdır. Tamaşaçı onun musiqisi, operaları ilə deyil, reallığı, ailəsi, məişət həyatı ilə tanış olacaq...

Qeyd edək ki, növbəti qastrol səfəri Mədəniyyət Nazirliyinin Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində reallaşacaq.