İşğaldan azad olunan Qubadlı rayonunda yenidən tikintisi nəzərdə tutulan yaşayış məskənlərinin sakinləri ilə növbəti görüş keçirilib. Bu dəfə layihələndirmə prosesi davam edən Qubadlı rayonunun Xanlıq və Muradxanlı kəndlərinin ilkin konsepsiyası kənd sakinlərinə təqdim olunub.

Görüş Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təşkil edilib.

Tədbirin məqsədi kəndin tarixi, mədəni irsi və sosial dəyərləri, digər özəllikləri barədə ətraflı məlumat toplamaq və onun ilkin konsepsiyasını sakinlərə təqdim etməkdir.

Görüşdə sakinləri maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb.