Mədəniyyət naziri Adil Kərimli oktyabrın 24-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (BMA) ziyarət edib.

Elm və təhsil naziri Emin Əmrullayevin də iştirak etdiyi ziyarət zamanı BMA-nın rəhbərliyi və pedaqoji kollektivin bir qrup tanınmış üzvü ilə görüş olub.

Akademiyanın rektoru Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti Fərhad Bədəlbəyli təhsil ocağının fəaliyyəti barədə məlumat verib.

Qeyd olunub ki, dahi Üzeyir Hacıbəylinin təməlini qoyduğu təhsil ocağı Azərbaycan musiqi mədəniyyətinin inkişafında mühüm rol oynayır. BMA-nın məzunlarının sorağı dünyanın məşhur səhnələrindən gəlir.

Söhbət zamanı təhsil ocağının fəaliyyət istiqamətləri, tədrisin keyfiyyəti, beynəlxalq əməkdaşlıq imkanları və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Sonda xatirə şəkilləri çəkdirilib.