Xalq rəssamı Arif Hüseynov: “Özümü 40 yaşımdakı kimi hiss edirəm...”

Arif Hüseynov. O, milli təsviri sənətimizdə öz pozitivliyi, həyata işıqlı baxışı ilə seçilənlər sırasındadır. Çoxşaxəli yaradıcılığı həmişə diqqət mərkəzində olub. İstər dəzgah qrafikasında, istərsə də kitab illüstrasiyası sahəsində məhsuldar çalışaraq özünü Azərbaycan təsviri sənətində istedadlı qrafika ustası kimi tanıdıb. Daim axtarışdadır, folklora, adət-ənənəyə daha çox bağlıdır. Ötən əsrin 70-ci illərindən başlayaraq əsərləri dəfələrlə Bakıda, eləcə də bir sıra ölkələrin sərgi salonlarında tamaşaçıların böyük marağı ilə qarşılanıb.

Oktyabrın 30-da Xalq rəssamı Arif Hüseynovun 80 yaşı tamam olur. Əsərləri ilə tanış olan hər kəs onu nağıllar aləminin sakini hesab edə bilər. Elə özü də bu fikirdədir. “Həyatımı kitaba bənzətsək, onu belə təsvir edərdim: uşaq nağılları, klassik ədəbiyyat, müasir ədəbiyyat və sonra yenə nağıllar” deyir.

O özünü bu gün də 80 yaşında nağılbaz hesab edir. Amma yubileyini nağıllardakı kimi 40 gün, 40 gecə deyil, il ərzində silsilə tədbir və sərgilərlə qeyd etdi.

Bu silsilədən əlamətdar yubileyin final sərgisi Azərbaycan Milli İncəsənət Muzeyində açılmışdı. 13-20 oktyabr tarixlərini əhatə edən “Miniatürsayağı” adlı maraqlı sərgi. Rəssam özü hər gün sərgiyə gəlir, ziyarətçilərin fikrini öyrənirdi.  Sənətkarla müsahibəmiz də sərgi günlərinin birində alındı...

Qeyd edim ki, nümayiş olunan əl işləri sırasında rəssamın “Simurq quşu”, “Göyçək Fatma”, Azərbaycan xalq nağılları silsiləsindən “Məlik Məmməd”, “Cırtdan”, “Torpaq çərşənbəsi” adlı əsərləri yer almışdı. Bəxtimdən isə ziyarətçilərin əksəriyyəti ölkəmizdə qonaq olan turistlər idi. Onlar əsərlərə baxıb texnikası ilə maraqlanır, sırf nağıllar, simvollara görə bir-biri ilə müzakirə edirdilər. Miniatür sənətimizin, nağıllarımızın, adətlərimizin tərənnüm edildiyini deyəndə isə bu nümunələrə yenidən daha maraqla baxırdılar. Tamaşaçıların daha çox marağını cəlb edənlər isə “Dədə Qorqud” və “Novruz” əsərləri idi.

Arif müəllimi, yubileyi və yeni sərgisi münasibətilə təbriklə söhbətimizə başlayırıq.

 

– Silsilə sərgilər... Yubileyi bu qaydada qeyd etmək ideyası necə yarandı?

– Fikirləşirdim ki, ömür vəfa etsə, yubileyi geniş sərgi silsiləsi ilə qeyd edim. Məqsədim bu idi ki, yaradıcılığımda olan müəyyən etapları nümayiş etdirim. Hesabat adına gələndə gördüm ki, mövzu baxımından bir sərgiyə sığmır. Hətta oğlum da dedi ki, bəlkə ayrıca deyil, bir sərgi edəsən. Dedim, alınmır. Hissə-hissə əsərlər bütöv təəssürat yarada bilmir. Buna görə də “Azərbaycan nağılı” adlı ilk sərgim Milli Xalça Muzeyində açıldı. 50-yə yaxın əsərim nümayiş olundu. Təcrübə də göstərdi ki, necə deyərlər, mən düz yoldayam. Niyə Xalça Muzeyi? Çünki nağıllarla xalçanı ayırmaq mümkün deyil.

Daha sonra “Qarabağnamə” silsiləsindən ağ-qara texnikada hazırladığım rəsmlərin sərgisini etdik. Bu əsərlərdə ölkəmizdəki alban kilsəsi, tarixi yerlərin mənzərələri və tanınmış şəxsiyyətlərin portretləri təsvir olunub. Qarabağın musiqi mədəniyyətini də əks etdirən rəsmləri ingilis dilində məlumatlarla verdim. Musiqi xadimlərini, generallarımızın cizgilərini cavanlaşdırdım. Düşündüm ki, bu əsərlər gələcəkdə dərsliklərdə istifadə oluna bilər. Burada “Arşın mal alan” filmindən də element var. Rəşid Behbudovu təsvir etmişəm. Mərhum dostum Fuad Poladovun oynadığı Qacar obrazına baxdım və məhz onun oynadığı Qacarı təsvir etdim. Bu əsəri Teatr Muzeyinə hədiyyə etmişəm. Hətta bu silsilə ilə bağlı film də çəkildi. Filmin ərsəyə gəlməsində mərhum millət vəkilimiz Qənirə Paşayevanın böyük zəhməti oldu...

 

– Arif müəllim, necə oldu miniatür sənətinə müraciət etdiniz?

– Bu ideya 2006-cı ildə Yaponiyadakı sərgimdən sonra yarandı. Yaponlar cəmiyyət olaraq çox xoşuma gəlir. Onlar ənənəni qoruyaraq müasirləşdirirlər. Tokioda beş gün davam edən sərgimdə oradakı qalereyalar və qədim Kabuki teatrı ilə tanış oldum. “Disneylənd”ə də baş çəkdim. Bir nağılbaz kimi Yaponiyadakı bu məkanla mütləq tanış olmalı idim. Texniki cəhətdən möhtəşəm bir məkandır. Yaponiyadan qayıtdıqdan sonra miniatürlə daha çox məşğul olmağa başladım.

Amma ondan öncə, hələ “Göyərçin” jurnalında işlədiyim vaxtlardan miniatür eksperimentləri edirdim. Biz dünyaya Təbriz miniatür məktəbi ilə maraqlıyıq. Bunu yaddan çıxarmamalıyıq. Təəssüf ki, tarixin sərt dönəmlərində biz ayrı düşdük. XX əsrin 30-cu illərində belə bir təşəbbüs olmuşdu. Salam Salamzadə, Qəzənfər Xalıqov, Əmir Hacıyev kimi rəssamlar miniatür sənətini inkişaf etdirmək istəyirdilər. Ancaq sovet rejimi, yəni sosialist-realizmi cərəyanı imkan vermədi. Hazırda müstəqil ölkənin rəssamlarıyıq, düşündüm ki, biz bu işi davam etdirməliyik. Bu sahəyə böyük maraq var. Xaricdə də bu işlərə maraq göstərilir. Milli kökə bağlı olan nümunələr dünyaya daha maraqlıdır. Miniatürlə ciddi məşğul olmaq lazımdır. Bu iş, əfsus ki, böyük hərəkata çevrilə bilmir. Bunun üçün dəstək olmalıdır. Çox istəyirəm ki, miniatür əsərlərdən ibarət sərgilər təşkil edilsin. “Miniatür sənəti” 2020-ci ildə Türkiyə, Azərbaycan, İran və Özbəkistanın birgə hazırladığı nominasiya sənədi ilə UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib. Arzum budur ki, Azərbaycanda Beynəlxalq Miniatür Mərkəzi yaradılsın. Əgər bizim dünya şöhrətli Xalça Muzeyimiz, Muğam Mərkəzimiz varsa, niyə də miniatürlə bağlı mərkəzimiz olmasın.

 

– Bəs niyə “Miniatürsayağı”?

– Böyük bəstəkarımız Üzeyir bəyin “Aşıqsayağı”sını dinlədikdən sonra belə qərara gəldim ki, sərgi “miniatürsayağı” adlansın. Bu həm də bir mesajdır. Milli kökümüzə, ənənəmizə qayıdış və sadiqlik mesajı. Biz öz rəssamlıq tariximizi itirməməliyik. Bizim istiqlalımız, Zəfər çalmış dövlətimiz, Ordumuz, sevilən rəhbərimiz var. Mədəniyyət ordusu da bizlərik. Bu sahəni də biz yaşatmalı, qorumalı, təbliğ etməliyik.

 

– Davamlı işləyirsiniz. Vaxt darlığı yaşamırsınız ki?

– Rəssamlar İttifaqında Kitab qrafikası və miniatür bölməsinin sədriyəm. Mənim əsas vəzifəm isə rəssamlıqdır. İş yerim emalatxanamdır. Dövlətimiz sağ olsun, mənə fəxri adlar, təqaüd verib. Budur mənə güc verən, enerji verən. Etiraf edim ki, bunlar olmasaydı, bəlkə də mən bu silsilələri yarada bilməzdim. Yaşamaq üçün, maddiyyat üçün daha yüngül və satışa çıxarılan mövzulara müraciət edərdim. Özümü xoşbəxt insan hesab edirəm ki, bu diqqət mənə vaxtında göstərilib. Məni cavanlaşdırıb, mənə ruh verib.

 

– Emalatxananızda studiya da var...

– Gənc yaşlarımda əmək fəaliyyətinə “Göyərçin” jurnalında uşaqlarla başladım. Bu günə kimi də uşaqlarla məşğulam. Heç bir rəssamın emalatxanasında studiya yoxdur. Mənim emalatxanamın bir otağı uşaqlar üçün studiyadır. Sərgilərində onların yaxşı işlərini satın alıram. İstəyirəm özlərinə rahatlıqla rəng ala bilsinlər.

 

– Arif müəllim, rəssamlarımızın ölkə daxilində tanınmamaq problemi müşahidə olunur. Bu fikirlə razısınızmı?

– Dostlarımdan biri silsilənin sonuncu sərgisinin hansı səviyyədə keçiriləcəyini soruşanda dedim xalq səviyyəsində. Son sərgiyə xalqımızla, dostlarımla, mənə yaxın olan insanlarla yekun vurmaq istədim. Mən yaradıcılığımda bütün mərhələləri keçmişəm. Bu fikri həm də nəyə bağlamaq istəyirəm. Dünyada tanınan rəssamlarımız var ki, onların əsərlərini tanısalar da, özləri haqqında cəmiyyətimiz xəbərsizdir. Ona görə də rəssamlarımızın fərdi sərgilərinin regionlarda keçirilməsi pis olmaz. Orada yaşayan rəssamlara da müsbət təsiri olar. Şamaxıda sərgim zamanı bu maraq və diqqətin şahidi oldum. Həm də əyalətdə zövqü formalaşdırmaq məsələsi də burada önə çəkilməlidir. Məsələn, bölgələrimizdə geniş imkanları olan mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Orada savadlı gənclərimiz çalışır. Lakin onların rəssamlıq sənətimizdən xəbərləri yoxdur. Bu sahəni də təbliğ etməliyik.

 

– Bir qədər də nağılbaz olmağınızdan danışaq...

– Rəhim Məmmədov adlı müəllimim vardı. İndi Türkiyədə yaşayır, 96 yaşı var. Məni “Göyərçin”ə o yolladı. 17 manat tələbə təqaüdü, 25 manat da qonorar alırdım. O zaman üçün yaxşı məbləğ idi. Redaktorumuz Xalidə Hasilova idi. Jurnal 280 min tirajla çap olunurdu. Hər dəfə yeni rəsmlər çəkirdim. İndi çoxları deyir, mən sizin əsərlərlə böyümüşəm. Altı il də Azərbaycan Televiziyasında uşaqlarla “Dərsdən sonra” adlı veriliş apardım. O vaxt məni dəvət edəndə verilişin formatını dəyişib öz üslubumda aparacağımı dedim və rəhbərlik də razılaşdı. Beləliklə, uşaqlarla təkcə rəsmlə yox həm də maarifçiliklə məşğul oldum. Operaya, teatra, muzey və qalereyalara, parklara aparıb orada həm məlumat verir, həm də rəsmlə məşğul olmalarına şərait yaradırdım. Mən nağılları çox sevirəm. Bir dəfə qəzetinizə müsahibədə də bu barədə demişəm. Mənə görə, insanlar nağılları ömürlərində iki dəfə oxumalıdırlar: bir uşaq yaşlarında, bir də mənim indiki yaşımda. Çünki bu yaşda nağılın dadı tamam başqa cür olur. Baxış da dəyişir. Mən Cırtdanı 50 ildir çəkirəm və hər dəfə də tamam fərqli. Cırtdanın “Kim yatmış, kim oyaq” sualındakı fəlsəfə uşaq üçün bir məna verirsə, 80 yaşlı insan üçün tamam başqa məzmun daşıyır. Bu, böyük sualdır...

 

– Bildiyim qədər, noyabrda Bakıda keçiriləcək beynəlxalq kitab sərgisində də iştirak edəcəksiniz.

–  Mədəniyyət Nazirliyi sərgi məkanında bizə də stend ayırıb. Müraciətimə müsbət cavab verildiyinə görə, yaradılan şəraitə görə təşəkkür edirəm. Təkcə mənim deyil, Azərbaycan rəssamlarının kitab illüstrasiyaları sərgilənəcək. Bu, bir ilk olacaq.

 

– Qarşıda hansı layihələr var?

– Qarşıda yeni səhifə açacağam. “Dədə Qorqud” mövzusunda silsilə əsərlər. Burada nümayiş olunan əsər ilkin fraqmentdir. Belə baxanda özüm də “Dədə Qorqud” yaşındayam (gülür). Dastandakı 12 boyun hamısına yeni əsərlər yaradacağam. Bizdə 60-cı illərdə Mikayıl Abdullayev bu mövzuya müraciət edib. Mən isə qrafika üslubunda işləyəcəyəm. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə “Dədə Qorqud” dastanının 1300 illiyinin qeyd olunması bu söz abidəsinə yeni baxışı da ortaya qoydu. Yeri gəlmişkən, onu da deyim ki, TÜRKSOY məni Ankaraya dəvət edib. Orada da yubiley sərgimin keçirilməsi nəzərdə tutulur. Eyni zamanda Türkiyənin Beynəlxalq İncəsənət və Sənət Ustaları Birliyinin (SAKÜDER) Parisdə təşkil edəcəyi sərgidə mənim də iki əsərim nümayiş olunacaq.

 

– Arif müəllim, 80 rəqəmi həyatda və yaradıcılıqda necə görünür?

– Özümü 40 yaşımdakı kimi hiss edirəm. İctimai işlər, yaradıcılıq və s. Bütün bunlarla məşğul olmağa imkan varsa, demək, hər şey gözəldir. Ən əsas da nəvəm Dilbərə həsr etdiyim silsilədən 10-nu hazırdır, qalıb səkkizi. Onu da işləmək niyyətindəyəm. Hər yaşın öz rəngi var. Amma biz rəssamların həyat rəngi palitradır. Bizim gəncliyimizlə indiki gənclik arasında fərq çoxdur. Sənəti sevmək lazımdır. Təkcə rəssamlıqda deyil, ədəbiyyatda, musiqidə, sənətdə də sanki meyarlar itib. Hesab edirəm ki, bu, müəyyən zaman kəsiyində belə olacaq. Müstəqil Azərbaycanın təsviri sənəti bu anlamda öz yeni inkişaf mərhələsinə qədəm qoyacaq. Sənətin də sərhədi var. Gənc rəssamlara diqqət və qayğı ilə yanaşmaq lazımdır. Biz ötən əsrdə dahilər yetişdirmişik və yeni dahilərimiz yaranacaq...

 

– Şanlı Zəfərimiz təsviri sənətdə necə əks olunur?

– Bugünkü Azərbaycan tarixini mütləq təsviri sənətdə göstərməliyik. Üzeyir bəy, Əli bəy Hüseynzadə, Mirzə Cəlil, Sabir dövrün aynası idilər. Onlar cəmiyyətin məfkurəsini formalaşdırır, maarifçiliklə məşğul idilər. Bu gün biz onlara minnətdarıq. Müasir rəssamlarımız vətənpərvərlik mövzusuna müraciət etməlidirlər. Bunun üçün dəstək və gəncləri yönəltmək lazımdır. Şuşanın azad edilməsi özü bir nağıldır. Müasir nağıldır. Bu nağılın qəhrəmanları müasirlərimizdir. Biz bu nağılı, bu qəhrəmanlığı həm də sənət vasitəsilə gələcəyə ötürməliyik. Ağdam teatrı binasının qalıqlarını görüb bir əsər yaratdım. Rəssamlarımız işğaldan azad olunmuş ərazilərə səfər edib təəssüratlanmalıdırlar. Bu böyük bir sistem və siyasətdir. Həm də əmək tələb edir. Ümumiyyətlə, müstəqillik illərinin təsviri sənəti ilə bağlı bazamız azdır. Bu bazanı zənginləşdirməliyik.

 

– Maraqlı müsahibəyə görə təşəkkür edir, “Mədəniyyət” qəzetinin kollektivi adından sizə cansağlığı, yaradıcılıq uğurları ilə zəngin fərəhli illər arzulayırıq.

Lalə Azəri