“TÜRKSOY Mədəniyyət Nazirliyi ilə birgə belə bir festivalın ilk dəfə ölkəmizdə keçirilməsinə çox böyük önəm verib. Bu baxımdan TÜRKSOY-un rəhbərliyinə minnətdarlığımızı bildiririk”.

TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının oktyabrın 31-də Şuşada keçirilən 9-cu iclasında şuranın sədri Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov bunu jurnalistlərə açıqlamasında deyib.

Bu ilin ölkəmizdə bir sıra əlamətdar ildönümləri yadda qaldığını deyən sənətşünas toplantı çərçivəsində türkdilli ölkələrdə teatr və yaradıcılıq, təşkilati, kadr, repertuar problemi və maliyyə təsərrüfatı məsələlərini müzakirə etdiklərini bildirib.

O, müzakirələrin TÜRKSOY-a üzv ölkələrin bir-birinin ədəbiyyatını, dramaturgiyasını tanımaq, əsər, pyes mübadiləsi, ayrı-ayrı müəlliflərin əsərlərini bir-birinin səhnələrinə çıxarmaq, rejissorların, səhnə ustadlarının yaradıcılıq əlaqələrini genişləndirmək   baxımından faydalı olacağını vurğulayıb.

Qeyd edək ki, professor İsrafil İsrafilov 2011-ci ildə əsası qoyulan TÜRKSOY-a üzv ölkələrin Dövlət Teatrları Rəhbərləri Şurasının ilk sədri olub.