Noyabrın 6-da Bakıda “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” kitabının 2-ci cildinin təqdimat mərasimi keçirilib. Kitab Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanıb.

Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzi idarə heyətinin sədri Zahid Oruc nəşr barədə məlumat verib.

Qərbi Azərbaycandakı maddi mədəni irsimizə həsr olunmuş qısa videoçarx nümayiş etdirilib.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib ki, təqdimatı keçirilən kitab tariximizin təbliğatı baxımından olduqca əhəmiyyətlidir. Kitabda maddi və mənəvi irsimizin araşdırılması bir daha sübut edir ki, Qərbi Azərbaycanla müasir Azərbaycan Respublikasının maddi mədəni irsi vahidlik təşkil edir. Məhz ona görə də Qərbi Zəngəzur, Şərqi Zəngəzur, Göyçə mahalı, Gədəbəy və digərləri – vahid bir coğrafiyanın dəyərləridir. Tarixi-mədəni irsimizə sahib çıxarkən İslam-xristian və bu kimi digər kəsişmələri özündə ehtiva edən irsimizə də sahib çıxmalıyıq.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında qeyd edib ki, hər bir ölkənin maddi mədəni irsi onun tarixidir. Keçmiş olmasa, gələcək olmaz. Bugünkü Ermənistan ərazisində qalan Qərbi Azərbaycanda Azərbaycan tarixinə aid minlərlə abidə olub və zaman-zaman dağıdılaraq məhv edilib. Günümüzə gəlib çıxan abidələrdən İslam mədəniyyətinə aid olan bir neçəsi isə Azərbaycanın yox, başqa ölkənin abidəsi kimi qeydə alınıb. Müasir Ermənistan dövləti xalqımızın tarixi-mədəni irsinə qarşı da soyqırımı törədib. Bunu dünyaya çatdırmalıyıq.

Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması idarə heyətinin sədri Əziz Ələkbərli diqqətə çatdırıb ki, hazırda icma Ermənistandakı Azərbaycan mədəni irsinin müasir metodologiya əsasında reyestrinin aparılması, bu abidələrin vəziyyətinin qiymətləndirilməsi və bərpası ilə bağlı lazımi addımların müəyyənləşdirilməsi üçün UNESCO ilə əməkdaşlığı davam etdirir. Bütün bunlar “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi mədəni irsimiz” kitabının elmi dəyəri ilə yanaşı, siyasi-ideoloji əhəmiyyətini də təsdiqləyir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qərbi Azərbaycanla bağlı tədqiqatların dərinləşdirilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, ermənilər İrəvan xanlığına aid məscidləri, mədrəsələri, karvansaraları və bir çox digər tarixi abidələri hələ sovet dövründə hiyləgərcəsinə məhv etməyə başlamışdılar. Bu yöndə tədqiqatları  dərinləşdirməklə daha çox məsələni üzə çıxara bilərik.

Tədbir müzakirələrlə davam edib.